Rusiya XİN Yaponiyaya etiraz notası göndərib
Bakı, 4 iyul, AZƏRTAC
Rusiya Xarici İşlər Nazirliyi Osakada keçirilmiş G20 sammitinin materiallarında Kuril adalarının cənubunu yapon adası kimi göstərdiyinə görə Yaponiyaya etiraz notası göndərib. Bunu iyulun 4-də keçirdiyi brifinqdə Rusiyanın xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, M.Zaxarovanın sözlərinə görə, iyulun 2-də Yaponiyanın Moskvadakı səfirliyinin nümayəndəsinə müvafiq etiraz notası təqdim olunub. Sənəddə göstərilib ki, yapon tərəfinin Osaka sammitində özünün sədrlik funksiyalarından Rusiyaya qarşı ərazi iddiaları məqsədilə sui-istifadə etməsi yolverilməzdir.
M.Zaxarova əlavə edib ki, bu cür hərəkətlər Yaponiyanın Baş Naziri Sinzo Abenin Rusiya ilə münasibətlərə xələl gətirəcək hər hansı addımlardan çəkinmək barədə dəfələrlə verdiyi bəyanatlara da ziddir.
Moskva və Tokio uzun illərdir İkinci Dünya müharibəsinin yekunlarına dair sülh müqaviləsinin hazırlanması istiqamətində danışıqlar aparır. Bu məsələdə başlıca əngəl Kuril adalarının cənub hissəsi ilə əlaqədar fikir ayrılığıdır. Müharibədən sonra arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və onlara bitişik kiçik adaların ona məxsus olduğunu bildirir. İyunun 29-da Vladimir Putin və Sinzo Abe arasında keçirilən görüşdən sonra yapon lider mətbuat konfransında bildirmişdi ki, tərəflər Kurilin cənub hissəsində keçmiş yapon sakinlərin əcdadlarının məzarlarının avqust-sentyabr aylarında ziyarət edilməsi barədə razılıq əldə ediblər. O, həmçinin qeyd edib ki, Rusiya Prezidenti ilə görüşdə danışıqları davam etdirmək və bu adalarda birgə təsərrüfat fəaliyyətini həyata keçirmək qərara alınıb.