ŞƏRH
Rusiyalı ekspert: Şoyqunun Bakıya səfərinin məqsədi Cənubi Qafqazda əsas müttəfiqimizi dəstəkləməkdir - ŞƏRH
Bakı, 8 avqust, L.Muradzadə, AZƏRTAC
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Tehrandan Moskvaya qayıdarkən Bakıya yolüstü səfərinin məqsədi məlumdur; bu, Cənubi Qafqaz regionunda əsas müttəfiqimizin sərhədlərində yaranan mürəkkəb geosiyasi şəraitdə dəstək ifadə etmək və şimal qonşusunun köməyinə həmişə güvənə biləcəyinə onu əmin etməkdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində rusiyalı hərbi ekspert, qafqazşünas alim, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun fəxri doktoru, tarix elmləri namizədi Oleq Kuznetsov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Azərbaycana səfərini və Prezident İlham Əliyevin onu qəbul etməsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, son iki onillikdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə bütün ciddi, fundamental və məsuliyyətli məsələlər müstəsna olaraq ən yüksək səviyyədə - prezidentlər Putin və Əliyev arasında dialoqla həll olunub və bu, davam edir. Ölkələrimiz arasında heç bir anlaşılmazlıq və ya etimadsızlıq ola bilməz. “Buna görə də verilən bəyanatlar Moskva ilə Bakı arasında mövcud olan və uğurla həyata keçirilən əməkdaşlığın, tərəfdaşlığın və əlaqələrin ən yüksək səviyyəsini bir daha təsdiq etməlidir. Rusiya-Azərbaycan münasibətlərinin mahiyyəti ilə bağlı bütün sözlər çoxdan və müxtəlif səviyyələrdə deyilib”, -deyə agentliyin həmsöhbəti qeyd edib.
Rusiya Təhlükəsizlik Şurasının katibinin İrana səfərinə toxunan Kuznetsov deyib ki, Sergey Şoyqu indiki rəsmi vəzifəsində sırf siyasi fiqurdur, təkbaşına hər hansı praktiki qərar qəbul etmək imkanından məhrumdur.
“Onun Rusiya hökumət sistemindəki mövcud funksionallığı ilə bağlı bu anlayışa əsaslanaraq, Şoyqunun Tehran və Bakıya səfərlərinin məqsəd və nəticələrini qiymətləndirmək lazımdır. Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin İrana səfərinin yeganə real məqsədi Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda həlak olması ilə bağlı İranın hərbi-siyasi rəhbərliyinin “qisas zərbəsi” endirmək niyyətlərinin ciddiliyini yerindəcə anlamaq və qiymətləndirmək ola bilər”, - deyə tarixçi ehtimal edib və vurğulayıb ki, bu cür zərbələrin mümkünlüyü bu gün dünyada əsas müzakirə mövzusudur, hətta Ukraynadakı silahlı münaqişə ilə bağlı vəziyyəti də kölgədə qoyur.
Kuznetsov bu gün Rusiya, Azərbaycan və İranın öz mənfəətini və maraqlarını gördüyü “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin icrası çərçivəsində çox ciddi iqtisadi münasibətlərin olduğunu başa düşməyin vacibliyini qeyd edib. O əlavə edib: “Bu, o deməkdir ki, regionu bürüyən bütün xarici siyasət çalxalanmalarına baxmayaraq, onların öz makroiqtisadi maraqları var. Sadə dillə desək, bütün hərbi-siyasi təlatümlərə baxmayaraq, ortalıqda hər bir ölkənin prioritet hesab etdiyi kommersiya faydası var. Məhz buna görə də Sergey Şoyqunun Tehrana səfəri ərəfəsində Rusiya Prezidenti İranın ali rəhbərliyi ilə birbaşa əlaqə saxlayıb və ondan İsmayıl Haniyənin ölümünə ekstremal reaksiyalardan çəkinməyi xahiş edib. Bu mənada Sergey Şoyqunun Bakıda Rusiya hakimiyyəti adından verdiyi bəyanatların iqtisadi alt mətni kifayət qədər şəffaf və aydındır; siyasi və ideoloji qarşıdurma fonunda regionda nə baş verməsindən asılı olmayaraq, “Şimal-Cənub” nəqliyyat dəhlizi davam etdirilməli və zərər görməməlidir. Prezident İlham Əliyev Kremlin elçisinin mövqeyi ilə tam razılaşdı, çünki bu, regional hərbi-siyasi qarışıqlıq şəraitində Azərbaycanın milli maraqlarına tam uyğundur”, -deyə ekspert vurğulayıb.
Rusiyalı ekspert hesab edir ki, Şoyqunun İrana səfəri Tehranın İsraillə qarşıdurmasında gərginliyin yenidən artması ilə bağlı mövqeyinə ciddi təsir edə bilməz. O sözlərinə yekun vurub: “Bu ölkələr arasındakı münasibətlərdə təxminən 40 ildir davam edən böhran sistemli və çoxvektorlu xarakter daşıyır və bu səbəbdən də vektorların birinə təsir göstərilməsi mahiyyətcə heç nəyi dəyişməyəcək. Amma mesajın çatdırılması şansı, xüsusən sənə qulaq asmaq niyyəti varsa, həmişə mövcuddur. Kreml bu şansdan tam şəkildə istifadə etdi. Onun İrana münasibətdə davranışı deməyə əsas verir ki, dünyada heç kimin yaranmış şəraitlə bağlı hər hansı iddiası olmamalıdır. Moskva öz istəklərini anlaşıqlı şəkildə və açıq-aşkar bəyan etdi”.