Rusiyalı turistlər Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatında olublar
Lənkəran, 1 may, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin cənub bölgəsinə səfər edən rusiyalı turistlərin bir qrupu Lənkərandakı “Yaşıl çay” fermer təsərrüfatında olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Yaşıl çay” FT MMC-nin direktoru Araz Yaqubov qonaqlara təsərrüfatın fəaliyyəti barədə məlumat verib. Bildirib ki, sovet dövründə Azərbaycanda ilk çayçılıq təsərrüfatı Lənkəran rayonunun İstisu qəsəbəsində olub. Lakin 90-cı illərdə çay plantasiyaları sıradan çıxıb. Hazırda dövlətimizin başçısının böyük diqqət ayırdığı aqrar sahə, o cümlədən çayçılıq yenidən inkişaf dövrünü yaşayır.
Qeyd olunub ki, 2006-cı ildə yaradılan “Yaşıl çay” fermer təsərrüfatının 150 hektara yaxın torpaq sahəsi var. 2011-ci ildən başlayaraq burada yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortundan ibarət çay plantasiyaları salınıb. Hazırda 70 hektarda çay plantasiyası mövcuddur. Təsərrüfatda 2015-ci ildən başlayaraq seçmə üsulu ilə çay yarpağı yığımı aparılır.
A.Yaqubov çay yığımı, onun növləri və emalı barədə turistlərə məlumat verərək “Kolxida” sortunun “Hind-Çin” sortundan həm məhsuldarlığı, həm də yarpaqlarında tanin maddəsinin çox olması ilə fərqləndiyini vurğulayıb. O, plantasiyalara qulluq zamanı mineral gübrələr əvəzinə üzvi gübrələrdən daha çox istifadə edildiyini, bu səbəbdən də burada yetişdirilən çay yarpağının ekoloji cəhətdən təmiz olduğunu, hazırda təsərrüfatın emal sexində 16 növdə çay istehsal edildiyini diqqətə çatdırıb.
Turistlərin suallarını cavablandıran fermer təsərrüfatının rəhbəri ölkəmizdə aqrar sahənin inkişafı üçün hər cür şəraitin yaradıldığını deyib.
Daha sonra rusiyalı qonaqlar təsərrüfatın tut plantasiyası və bu il istifadəyə verilən müasir kümxana ilə tanış olublar.