SİYASƏT
Rusiyalıların çoxu Azərbaycan idmançılarının London Olimpiya oyunlarında uğurlarını yüksək qiymətləndirir
Moskva, 13 avqust (AZƏRTAC). Azərbaycan idmanı yüksək səviyyədədir, Azərbaycan yığması London Olimpiya oyunlarında əla nəticələr göstərmişdir.
Bu fikrə təkcə Rusiyada yaşayan azərbaycanlılar deyil, həm də rusiyalıların çoxu şərikdir. Onlar ölkəmizə və onun nailiyyətlərinə çox səmimi münasibət bəsləyirlər. Azərbaycan idmançılarının uğurlarına bizimlə bərabər sevinən rusiyalılardan AZƏRTAC-ın RF-dəki müxbir məntəqəsinə çoxlu telefon zəngləri, elektron formada təbriklər daxil olmuşdur.
Məsələn, “Vestnik Kavkaza” informasiya-təhlil agentliyinin şərhçisi Aleksey Balaşov AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir: “Azərbaycanın olimpiya yığmasına Olimpiya oyunlarının ruhunu duymaq üçün xeyli vaxt lazım gəldi. Lakin növbə güləşçilərin yarışlarına çatanda Azərbaycan idmançıları ardıcıl olaraq bir neçə medal qazandılar. Hərçənd, bu sahədə ilk addımı ağır atletlər atmışdır. Artıq iyulun 29-da 56 kq çəki dərəcəsində birdən 127 kq və təkanla 159 kq qaldıran Valentin Xristov ümumi hesabda 286 kq nəticə göstərmiş və Azərbaycana olimpiadanın ilk medalını gətirmişdir. Akademik avarçəkənlər də pis çıxış etmədilər, onların medallar uğrunda mübarizə aparmaq üçün hər cür şans vardı, lakin hər dəfə cüzi bir fərq fəxri kürsüyə çatmağa mane olurdu. Qafqazda ənənəvi güclü sayılan Azərbaycan güləş məktəbi növbəti dəfə yaxşı nəticələr göstərdi. Yunan-Roma güləşində gümüş və bürünc medallar, sərbəst güləşçilərin əla çıxışı bütövlükdə Azərbaycan idmanının potensialını bir daha təsdiqlədi və sizin idmançıların xarakterini sübut etdi. Azərbaycanlı sərbəst güləşçilərin iki qızıl və bürünc medal qazanması çox yaxşı nəticədir. Azərbaycan güləşdə özünün region üzrə bütün qonşularını geridə qoydu, hərçənd, həmin ölkələrdə də yaxşı güləş məktəbləri vardır”.
A.Balaşovun sözlərinə görə, Azərbaycan gimnastı Aliyə Qarayevanın çıxışını xüsusi qeyd etməyə dəyər. Düzdür, Aliyə Olimpiadada medal qazanmadı, lakin o, yetərincə yaxşı çıxış edərək fərdi çoxnövçülük təsnifatında üçüncü nəticə göstərdi.
Jurnalistin fikrincə, görkəmli gimnast olan Aliyə finalda öz imkanlarından bir qədər zəif çıxış edərək, təsnifat mərhələsində özünün göstərdiyi nəticədən 0,275 bal “itirmişdir”.
A.Balaşov daha sonra demişdir: “Tam əminliklə demək olar ki, Odlar Yurdunun yığmasının çıxışları möhtəşəm olmuşdur. Azərbaycan yığması müxtəlif əyarlı 10 medal, o cümlədən iki qızıl medal qazanmaqla region üzrə qonşularının demək olar ki, hamısını geridə qoymuşdur. Məsələn 75 milyon əhalisi olan Türkiyə ilə müqayisədə Azərbaycanın aktivində olan medalların sayı iki dəfə çoxdur”. Rusiyalı politoloq Yevgeni Krıştalyov AZƏRTAC-ın müxbiri ilə söhbətində xüsusi vurğulamışdır ki, London Olimpiadasında Azərbaycanın 10 medal qazanması heç də təsadüfi deyildir. O demişdir: “Ölkə rəhbərliyi idmanın inkişafına çox böyük diqqət yetirir, bu sahədə məqsədyönlü iş aparır. Bunu qeyd etmək kifayətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinə şəxsən özü rəhbərlik edir. Bütün ölkədə olimpiya mərkəzləri yaradılmışdır və bu mərkəzlər real fəaliyyət göstərir. Uşaq idmanı sistemi nizamlanmışdır. Bütün bunlar yüksək nailiyyətlər idmanı üçün də səmərəsiz qala bilməz. Bundan əlavə, son illərdə Azərbaycan bir sıra beynəlxalq yarışlara ev sahibliyi etmişdir. Tezliklə ölkədə qızlar arasında futbol üzrə dünya çempionatı start götürəcəkdir. Bu da gənclər arasında idmanın populyarlaşmasına müsbət təsir göstərir. Azərbaycan idmançılar ölkəsinə çevrilməkdədir. Əlamətdar haldır ki, Londonda qazanılmış medalların ümumi sayına görə Azərbaycan komandası Cənubi Qafqaz ölkələri arasında öz qonşularını və hətta Türkiyəni də qabaqlamışdır.
Gənclər və idman naziri Azad Rəhimov London Olimpiadası ərəfəsində ehtiyatla proqnoz verərək doqquz medal gözlədiyini bildirmişdi, lakin Azərbaycan idmançıları daha yaxşı nəticə göstərməyə nail oldular. Yəqin ki, Rio-de-Janeyredo medalların sayı daha çox olacaqdır”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva