RUSİYANIN AZƏRBAYCANLI GƏNCLƏR TƏŞKİLATININ İNTERNET SAYTI AÇILMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü günü Rusiyanın Azərbaycanlı Gəncləri Təşkilatının (RAGT) internet saytı açılmışdır.
Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, rus dilində çıxan “Baku” jurnalının baş redaktoru və naşiri Leyla Əliyeva ölkəmizi çoxəsrlik dostluq tellərinin bağladığı Rusiya ərazisində yaşayan gənc həmvətənlərimizə təbriklə müraciət etmişdir.
Müraciətdə deyilir: “İndi biz azərbaycanlı gənclərin köməyi ilə Rusiya torpağında “RAGT” kimi əlamətdar bir adla mühüm ictimai struktur formalaşdırırıq. Bu könüllü və hamının üzünə açıq olan ictimai birliyin məqsədləri Rusiyada yaşayan azərbaycanlı gənclərin qarşısında duran bir sıra məsələləri birgə həll etmək, onlarda vətənpərvərlik hissi, eyni zamanda, milliyyətindən və dini mənsubiyyətindən, sosial vəziyyətindən və yaşından asılı olmayaraq, bütün insanlara tolerant münasibət bəsləmək hissi tərbiyə olunmasına kömək etmək üçün yaşıdları birləşdirməkdir”.
Leyla Əliyeva çoxmillətli Rusiyanın ictimai həyatında azərbaycanlı gənclərin yaxından iştirakını RAGT-ın fəaliyyətinin başlıca istiqamətlərindən biri adlandırmışdır ki, bu da sivilizasiyalı cəmiyyətdə müxtəlif mədəniyyətlərin və ənənələrin qarşılıqlı surətdə zənginləşməsi prosesində çox zəruri amildir. Eyni zamanda, gənc həmvətənlərimizin rusiyalı yaşıdları ilə ünsiyyəti həmişə və hər yerdə müsbət, yaradıcı və nikbin xarakter daşımalıdır ki, bu, ətrafdakı bütün insanlara həyatverici, faydalı, xoş ovqat bəxş etsin.
Leyla Əliyevanın təbrikində daha sonra deyilir: “Biz qədim, mərd və eyni zamanda, təbiəti etibarilə tolerant, zəngin milli mədəniyyəti, yüksək mənəviyyatı və şanlı ənənələri olan xalqın oğul və qızlarıyıq. Biz kökümüzü, əcdadlarımızın dini etiqadını, uşaqlıqdan sevdiyimiz doğma Azərbaycan dilini unutmamalıyıq. Ona görə də mən rusiyalı həmvətənlərimi bütün qanı-canı və mentaliteti ilə azərbaycanlı olaraq qalmağa, bununla yanaşı, Rusiya qanunvericiliyinə, bu ölkənin adət və ənənələrinə, çoxmillətli mədəniyyətinə hörmət bəsləməyə çağırıram. Rusiya cəmiyyətinə inteqrasiya edərkən bu cəmiyyətdə Azərbaycan xalqını ləyaqətlə təmsil etmək, dünya səhnəsində öz mövqelərini günbəgün gücləndirən tarixi vətənimizin müsbət imicini daim möhkəmləndirmək lazımdır”.
RAGT-ın saytında Azərbaycanda və Rusiyada baş verən əlamətdar hadisələr haqqında ətraflı məlumat yerləşdirilmişdir. Burada ulu öndər Heydər Əliyevə, Azərbaycana, Rusiyaya, Rusiya-Azərbaycan dostluğuna, RAGT-ın Moskvada və Rusiyanın regionlarında fəaliyyətinə, indiki gənclərin həyatına, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinə, RF-dəki ictimai təşkilatlara həsr olunmuş bölmələr vardır. Saytda ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, milli mətbəxi ilə, habelə gözlənilən tədbirlər barədə anonslarla tanış olmaq mümkündür. Burada Azərbaycan və Rusiya prezidentlərinin, Heydər Əliyev Fondunun, iki ölkənin gənclər təşkilatlarının saytlarına çıxış üçün istinadlar da yerləşdirilmişdir.
RAGT-ın internet saytının ünvanı belədir: www.amor.az
######
