Rusiyanın futbol üzrə dünya çempionatının ev sahibi seçilməsinə görə cinayət işi qaldırılıb
Bakı, 19 noyabr, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Yozef Blatter 2018-ci və 2022-ci illərdə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin (müvafiq olaraq Rusiya və Qətər) seçilməsi üzrə Maykl Qarsiyanın hesabatı əsasında cinayət işi qaldırılması üçün FIFA-nın etika komitəsi arbitraj palatasının rəhbəri Hans-Yoaxim Ekkertin tövsiyəsi ilə İsveçrə prokurorluğuna iddia ilə müraciət edib.
AZƏRTAC-a xarici KİV-lərə istinadla xəbər verir ki, ötən cümə axşamı FIFA 2018-ci və 2022-ci illərdə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin seçilməsi prosesində pozuntuların olduğunu elan edib.
Daha sonra FIFA-nın etika komitəsi istintaq palatasının rəhbəri Maykl Qarsiya bildirib ki, hesabat təhqiqatla bağlı natamam və yanlış təqdimatdan ibarətdir. O, apelyasiya şikayəti vermək istədiyini söyləyib. Hans-Yoaxim Ekkert M.Qarsiyanın açıq tənqidinə təəccübləndiyini bildirib.
“R-Sport” agentliyi Yozef Blatterdən sitat gətirərək yazır: “Mən Ekkertin məsləhəti ilə cinayət işi qaldırılması barəsində ərizə vermişəm. Mən hüquqşünas deyiləm. Həm də istintaq palatasının hesabatını almamışam və onu heç vaxt görməmişəm. Bununla belə, Ekkertin tövsiyəsi əsasında ərizə vermək FIFA-nın rəhbəri kimi mənin vəzifəm idi”.
Federasiyanın prezidenti daha sonra deyib: “FIFA-nın daxili orqanları bütün imkanları çərçivəsində onlardan asılı olan hər şeyi etdi və onlar işini davam etdirəcək. Təhqiqatın nəticələrini müstəqil dövlət orqanı da öyrənəcək. Bu onu göstərir ki, FIFA şəffaflığın əleyhinə deyil”.
Ekkertin fikrincə, Maykl Qarsiyanın hesabatındakı sübutlar mundialın ev sahibliyini edəcək ölkələrin seçilməsinin düzgünlüyünü şübhə altına qoymaq üçün kifayət etmir.
Ekkert bildirib: “Zənnimcə, bütün seçki prosesini şübhə altına almaq üçün sübutlar yetərli olmayıb. Buna baxmayaraq, müəyyənləşdirilmiş sahələrdə potensial qeyri-qanuni və yaxud düzgün olmayan davranışların əlamətləri var. Bütün bunlar hazırda FIFA və müvafiq milli cinayət orqanları tərəfindən araşdırılmalıdır”.
İddia noyabrın 18-də verilib. Şikayətin predmeti 2018-ci və 2022-ci illərdə dünya çempionatına ev sahibliyi edəcək ölkələrin seçilməsi zamanı ayrı-ayrı şəxslərin davranışıdır.