RUSİYANIN TƏKLİFİ “SOYUQ MÜHARİBƏ”NİN BAŞA ÇATMASININ TƏSDİQİDİR
AZƏRTAC-ın İTAR-TASS-dan aldığı xəbərə görə, Vaşinqton Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin Rusiya və Avrasiya proqramlarının direktoru Endryu Kuçins bildirmişdir ki, ABŞ Prezidenti Corc Buşun Azərbaycandakı Qəbələ RLS-dən birgə istifadə barədə Rusiya Prezidenti Vladimir Putinin təklifini qəbul etməsi iki ölkə arasında “soyuq müharibə”nin başa çatmasının real təsdiqi olardı.
Tədqiqatçının Nyu-Yorkda çıxan “Nyusdey” qəzetinin 10 iyun tarixli nömrəsində dərc olunmuş məqaləsində deyilir ki, Putin və Buş uzun illərdir “soyuq müharibə”nin arxada qaldığını söyləyirlər, indi isə onların bunu qəti təsdiq etmək imkanları var. Müəllif yazır ki, Rusiya və Amerika liderləri son vaxtlar iki ölkənin o qədər də yaxşı inkişaf etməyən münasibətlərini müsbət məcraya yönəldə bilərlər. Belə bir imkan iyulun 1-2-də Men ştatında keçiriləcək görüşdə olacaqdır.