S-400 “Triumf” zenit-raket kompleksi gələn həftə Türkiyəyə gətiriləcək
Bakı, 5 iyul, AZƏRTAC
Rusiya istehsalı olan S-400 zenit-raket kompleksi bazar günü təyyarəyə yüklənəcək və gələn həftə Türkiyəyə göndəriləcək.
AZƏRTAC Habertürk telekanalına istinadla xəbər verir ki, komplekslərin quraşdırılması üçün Rusiyadan Türkiyəyə xüsusi texniki komanda gəlib. İyunun 8-də ikinci texniki qrupun da ölkəyə gələcəyi gözlənilir.
Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket komplekslərinin alınması Türkiyə və ABŞ arasında beynəlxalq qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Ankaradan bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket kompleksləri almağı dəfələrlə tələb edib. Əks-halda, Vaşinqton Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılacağını istisna etməyib.
Türkiyə azı 100 ədəd “F-35 Lightning II” təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın hələ 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, 2017-ci ilin dekabrında Türkiyə və Rusiya S-400 “Triumf” zenit-raket komplekslərinin satın alınmasına dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara iki zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib.
Uzaq məsafəli zenit-raket sistemi olan S-400 “Triumf” Rusiyada silahlanmaya 2007-ci ildə qəbul edilib. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlərin də silahlanmaya daxil olduğu bildirilir.