SAATLININ ƏLİSOLTANLI KƏNDİNDƏ SAP ƏYİRİCİ ZAVOD İNŞA EDİLİR
Saatlının Əlisoltanlı kəndində sap əyirici zavod inşa edilir. Obyektdə əsas istehsalat korpusunun inşası artıq başa çatdırılmaq üzrədir.
Müəssisənin icraçı direktoru Elxan Ağayev AZƏRTAC-a bildirmişdir ki, Avropa ölkələrindən 5 milyon ABŞ dolları dəyərində yüksək standartlara uyğun texnoloji avadanlıq alınıb gətirilmiş, quraşdırma işlərinə 60 nəfər cəlb olunmuşdur.
Zavodun bu ilin oktyabrında işə salınması proqnozlaşdırılır. İstehsal sahəsi istifadəyə veriləndən sonra ilkin mərhələdə gündə 50-55 ton məhsul hazırlamaq mümkün olacaqdır. Müəssisədə 350 nəfər üçün iş yerləri yaradılacaqdır. Gələcəkdə zavodun bazasında toxuculuq fabrikinin yaradılması da nəzərdə tutulur.