İDMAN
Sabah futbol üzrə Avropa çempionatı başlanır
Kiyev, 7 iyun (AZƏRTAC). Cümə günü, iyunun 8-də futbol üzrə Avro-2012 çempionatı start götürür.
Avro-2012 matçlarından beşi Ukraynanın paytaxtında, çempionatın əsas arenası hesab edilən “Olimpiyski” milli idman kompleksində keçiriləcəkdir.
İlk matç iyunun 11-də təyin edilmişdir. D kvartetinin qrup mərhələsinin birinci raundunda Ukrayna İsveç komandasını qəbul edəcəkdir. Matç saat 23:45-də başlanır (burada və sonrakı mətndə Bakı vaxtı göstərilir – AZƏRTAC). İyunun 15-də yenə həmin məkanda İsveç-İngiltərə (21:00), iyunun 19-da isə İsveç-Fransa görüşü olacaqdır (23:45).
İyunun 24-də dörddə bir final çərçivəsində Kiyev arenasında D qrupunun qalibi (bir daha xatırladırıq ki, Ukrayna komandası D qrupunda oynayır) və C kvartetində ikinci yeri tutmuş komanda qarşılaşacaqlar (23:45). İyulun 1-də Avro-2012-nin final oyunu keçiriləcəkdir (23:45).
Avro-2012-nin Kiyevdəki rəsmi fan-zonası şəhərin mərkəzi hissəsində - Müstəqillik meydanında (Maydan Nezalejnısti) və Kreşşati küçəsində (Boqdan Xmelnitsi küçəsindən müstəqillik meydanına qədər olan hissə) yerləşəcəkdir.
Fan-zonanın ümumi sahəsi 51 min kvadratmetrdir. Bütün turnir müddətində (iyunun 7-dən iyulun 1-dək) rəsmi fan-zona saat 14:00-dan 03:00-dək işləyəcəkdir. Buraya hər gün azı 20 min nəfərin gələcəyi gözlənilir. Matç günlərində 70 minə qədər, final oyununda isə 90 minə qədər azarkeşin toplanması ehtimal edilir.
Bütün matç günlərində fan-zonaya giriş pulsuz olacaqdır. Lakin iyunun 20, 25, 26, 29 və 30-da müxtəlif ifaçıların konsertləri təşkil ediləcək əraziyə giriş təxminən 150 qrivna (1 dollar 8,00 qrivnaya ekvivalentdir – AZƏRTAC) olacaqdır.
Bundan əlavə, ayrıca gediş-gəliş və giriş yolu olan VİP yerlər düzəldiləcəkdir. Bu hissəyə biletin qiyməti 600 qrivnadan başlanacaqdır.
Fan-zonanın ərazisində ekranının ölçüsü 12x16 metr olan böyük səhnə, habelə ölçüləri 9x12 metr olan üç əlavə ekran quraşdırılacaqdır. təşkilatçılar bildirirlər ki, bu ekranların sayəsində fan-zonaya gələnlərin hamısı matçların translyasiyasını görə biləcəklər.
Fan-zonada Avro-2012 münasibətilə UEFA-nın açdığı 1000 kvadratmetr əraziyə malik rəsmi mağaza da fəaliyyət göstərəcəkdir. Burada həmçinin ümumi sahəsi 1800 kvadratmetrə yaxın olan bir neçə ictimai iaşə müəssisəsi yaradılacaqdır.
Fan-zonada media-mərkəz, tibbi yardım məntəqələri, habelə sanitar-texniki zonalar olacaqdır. Burada fiziki imkanları məhdud olan insanlar üçün xüsusi ərazi ayrılacaqdır.
Fan-zona və ona bitişik ərazi bütün sutka ərzində mühafizə olunacaqdır. Fan-zonaya hər bir giriş yolunun yaxınlığında müşahidə kameraları quraşdırılacaqdır. Şəxsi əşyaları xüsusi təchiz edilmiş saxlama kameralarına təhvil vermək olar.
Avro-2012 futbol matçlarını işıqlandırmaq məqsədi ilə AZƏRTAC-ın xüsusi müxbirləri Ukrayna paytaxtında işləyəcəklər.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev