ELM VƏ TƏHSİL
Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə başlanılır
Bakı, 2 iyun, AZƏRTAC
İyunun 3-də 2022-2023-cü tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər iyunun 3-ü saat 11:00-dan iyunun 10-u saat 11:00-dək www.miq.edu.az vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Müəllimlərin işə qəbulu müsabiqəsində orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Həmçinin müsabiqədə iştirak etmək istəyən şəxs hazırda dövlət ümumi təhsil müəssisəsində müddətsiz müqavilə əsasında müəllim olaraq fəaliyyət göstərirsə, müddətsiz əsaslarla təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdiyi halda müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilər.
Qeyd edək ki, cari il üzrə keçiriləcək müsabiqədə edilmiş dəyişikliklərə əsasən, vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.
Ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.