COP29
“Sabah” qəzeti Türkiyənin COP29 çərçivəsində prioritetləri barədə məqalə dərc edib
Ankara, 10 noyabr, AZƏRTAC
“Sabah” qəzeti Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Türkiyənin prioritetləri barədə oxuculara məlumat verib.
AZƏRTAC xəbər verir ki, Türkiyə nəşri Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək qlobal tədbirin gündəliyinə diqqət çəkib.
“Bakıda bəşəriyyət üçün iqlim dəyişikliyi və qlobal istiləşmə ilə mübarizənin kritik yolları müzakirə olunacaq. COP29 çərçivəsində digərləri ilə yanaşı, Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” adlı ekoloji layihə təqdim olunacaq. Təqdimat Heydər Əliyev Fondunun dəstəyi ilə açılan birgə pavilyonda baş tutacaq”, - deyə məqalədə deyilir.
Qəzet COP29 sessiyası çərçivəsində Türkiyə hakimiyyətinin ölkənin uzunmüddətli iqlim dəyişikliyi strategiyasının Yol Xəritəsini açıqlamaq planlarına diqqət çəkib. “COP29 Ankaranın ətraf mühiti qorumaq əzmini bəyan edəcəyi və ekoloji gündəmdə liderlik nümayiş etdirəcəyi bir platforma olacaq”, - deyə dərc olunub. Xüsusilə qeyd olunub ki, Ankara COP29 iştirakçılarına ətraf mühitin maliyyələşdirilməsinə ədalətli və asanlaşdırılmış çıxışın əhəmiyyəti, iqlim dəyişmələri ilə mübarizə prosesinin rəqəmsallaşdırılmasının, eləcə də “yaşıl iqtisadiyyata” keçidin zəruriliyini bildirəcək.
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara