SİYASƏT
Sabirabadda 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir
Sabirabad, 26 may (AZƏRTAC). Mayın 26-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində 28 May-Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azərbaycan Demokratik Respublikasının 94-cü ildönümü ilə əlaqədar məruzə etmişdir. Bildirilmişdir ki, xalqımız 1918-ci ildə dövlət müstəqilliyini elan etsə də, onu qoruyub saxlaya, uzun müddət yaşada bilməmişdir. Azərbaycan XX əsrin sonunda ikinci dəfə əldə etdiyi müstəqilliyi az müddətdən sonra yenidən itirmək təhlükəsi ilə üzləşmişdir. Respublikamızın dövlət müstəqilliyini qoruyub saxlayan, onu daha da inkişaf etdirən məhz ümummilli lider Heydər Əliyev olmuşdur.
Natiq ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış xaos və anarxiyadan söhbət açaraq, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin milli müstəqilliyimizin qorunub saxlanılmasında əvəzsiz xidmətlərini diqqətə çatdırmışdır.
N.İsmayılov Prezident İlham Əliyevin ulu öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyasından danışmış, dövlətimizin daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsi naminə gördüyü işlərə və Sabirabad rayonuna göstərdiyi diqqət və qayğıya görə rayon əhalisi adından ölkəmizin rəhbərinə minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda iştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən eksponatlarla tanış olmuşlar.