İQTİSADİYYAT
Sadələşdirilmiş vergi üzrə sabit qəbzin müddəti nə qədərdir?

Bakı, 7 aprel, AZƏRTAC
Fərdi qaydada fotoqraf fəaliyyəti ilə məşğul olmaq istəyən vətəndaş Bakıda fəaliyyət göstərdiyini nəzərə alaraq ayda 30 manat vergi, 30 manat məcburi dövlət sosial sığorta haqqı, 12 manat icbari tibbi sığorta haqqı ödəyib sadələşdirilmiş vergi üzrə sabit qəbz almalıdır. Vergi Məcəlləsində onun qəbzi növbəti ay, rüb, yarım il, il üçün alına biləcəyi qeyd olunub. Bu tarixlər hansı müddətləri nəzərdə tutur?
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsində göstərilən fiziki şəxslər bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, müvafiq icra hakimiyyəti orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almalıdır.
Sözügedən qəbz–sənəd vergiödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.