Sadıq Sadıqov: Gənc mütəxəssis Daviti Çivçivadzenin Rimas Kurtinaytisi həyəcanlandırması “Neftçi” üçün böyük uğurdur - MÜSAHİBƏ

Bakı, 16 may, AZƏRTAC
“Neftçi” İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov basketbol komandasının gümüş medalları qazanması ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Liqada 2024/2025-ci illər mövsümü başa çatdı. Ümumilikdə, sezonu necə dəyərləndirərdiniz?
- Mövsümə yaxşı başlamamışdıq. Hətta sonuncu yerdəydik. Heç kim bizi pley-offda görmürdü. Lakin mövsümün gedişində dəyişiklər etdik və sonda finala vəsiqə qazandıq.
- “Sabah”la final seriyasında qarşılaşdınız və komanda 4:2 hesabı ilə məğlub oldu…
- “Sabah”a qarşı final seriyasının oyunlarında layiqli mübarizə apardıq. Hətta iki oyunda qalib gələ bildik. Amma rəqib həqiqətən də güclü komandadır. Heyətində yüksəksəviyyəli basketbolçular var. 28 yaşlı gənc mütəxəssis Daviti Çivçivadze dünyaşöhrətli məşqçi Rimas Kurtinaytisi həyəcanlandırdısa, bu, “Neftçi” üçün böyük uğurdur.
- Komandada növbəti il üçün köklü dəyişikliklər gözlənilir?
-“Sabah”dan başqa, ikinci yeri tutan komanda da avrokuboklara gedə bilər. Amma hələlik dəqiq bir şey yoxdur. Müəyyən məsələlər var. Əgər beynəlxalq arenada oynasaq, heyətdə dəyişikliklər olacaq. Elə oyunçular gətirmək istəyirik ki, avrokuboklarda Azərbaycanı layiqincə təmsil edək.
- Gümüş medal qazanan komandaya mükafat verməyi düşünürsünüzmü?
-İdmançılarla bağladığımız müqavilədə yalnız çempion olacaqlarını təqdirdə mükafat alacaqları qeyd olunub. İndiki durumda bu məsələ reallaşmayacaq.
- “Neftçi” İdman Klubu olaraq basketbol üzrə seleksiya işləri aparırsınız?
- “Neftçi” İdman Klubunun aşağı yaş qrupları üzrə basketbol komandası da var. Təxminən 40-a yaxın uşaq bu idman növünün sirlərini öyrənir. Bundan əlavə, 3-4 gənc oyunçu əsas komanda ilə birgə məşq edir və legionerlərdən müəyyən biliklər alır.
- Bu proseslə bağlı qarşınıza hansısa məqsəd qoymusunuz?
- Məqsədimiz Azərbaycan millisinə keyfiyyətli basketbolçular yetişdirməkdir. Komanda üçün bundan böyük uğur ola bilməz. Azərbaycan Basketbol Liqasının matçları həddində artıq gərgin və maraqlı keçir. Bu çempionatda istənilən kollektivdən sürpriz gözləmək olar. “Quba”, “Şəki”, “Gəncə” kimi bölgə klubları liqada yaxşı mübarizə apardılar. Onların heyətində olan gənc oyunçular ölkə basketbolunun gələcəyi sayılırlar.