ELM VƏ TƏHSİL
Şagirdlər arasında fizika müsabiqəsi keçiriləcək

Bakı, 20 oktyabr, AZƏRTAC
Şagirdlər arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə elmi bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olan Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş müsabiqə təşkil olunacaq.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, müsabiqədə ümumtəhsil müəssisələrinin 8-9-cu siniflərində təhsil alan şagirdlərə 9-cu sinif proqramına uyğun suallar Azərbaycan və rus bölməsi üzrə təqdim ediləcək. İki mərhələdə keçirilməsi planlaşdırılan müsabiqənin birinci mərhələsi onlayn qaydada test formasında təşkil olunacaq.
Birinci mərhələ oktyabrın 30-u saat 15:00-da keçiriləcək. Qeydiyyat olimpiada.edu.az saytı vasitəsilə oktyabrın 29-dək aparılacaq.