ELM VƏ TƏHSİL
Şagirdlər evdə filtrasiyalı internetdən istifadə edəcəklər
Bakı, 18 fevral (AZƏRTAC). Ölkəmizdə şagirdlərin evdə filtrasiyalı internetdən istifadəsi yaxın vaxtlarda reallaşacaqdır.
Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AZƏRTAC-a bildirmişlər ki, artıq bu sistemin test yoxlaması başa çatmışdır. Yaxın vaxtlarda Azərbaycanın bəzi orta məktəblərində təhsil alan şagirdlərin evdə filtrasiyalı internetdən istifadə edə bilməsi üçün onlara pulsuz modem paylanacaqdır.
Modemlər Azərbaycan Təhsil Nazirliyi və “İntel” şirkətinin birgə “1 şagird - 1 kompyuter” layihəsində iştirak edən və pulsuz netbukla təmin olunan şagirdlərə veriləcəkdir. İndiyədək bu layihə çərçivəsində şagirdlərə iki min netbuk verilmişdir.
Şagirdlər modemlərin köməyi ilə evdə Azərbaycan təhsil şəbəkəsinə daxil olaraq filtrasiyalı internetdən istifadə edə biləcəklər. Onlar modem vasitəsilə istifadə etdikləri internetin haqqını özləri ödəyəcəklər.
Filtrasiyalı internetdən yalnız “1 şagird - 1 kompyuter” layihəsinin iştirakçıları deyil, digər məktəblilər də istifadə edə biləcəklər. Ancaq bunun üçün onlar modemi öz vəsaitləri hesabına almalıdırlar. Modemlərin satışının da yaxın vaxtlarda təşkili nəzərdə tutulmuşdur.
Hazırda təhsil müəssisələrinə verilən internetdə xüsusi filtrasiya sistemi tətbiq edilir. Buna görə də onlar məktəbdə porno, terror, dini təşviqatlar aparan saytlara daxil ola bilmirlər.