CƏMİYYƏT
“Sağlam cəmiyyətə doğru” layihəsinin icrası davam edir
Bakı, 1 oktyabr (AZƏRTAC). Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam cəmiyyətə doğru” layihəsinin icrası davam etdirilir.
Layihənin fəaliyyət istiqamətlərinə uyğun vətəndaş cəmiyyətini proseslərə daha fəal cəlb etməklə Bakıda və regionlarda gənclərin narkomaniya əleyhinə maariflənməsinin gücləndirilməsi nəzərdə tutulur.
Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı layihənin icra planına uyğun növbəti tədbir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keçirilmişdir.
Tədbirdə akademiyanın rəhbərliyi, ölkənin aparıcı gənclər təşkilatlarının və QHT-lərinin nümayəndələri iştirak etmişlər.
Ofisin rəhbəri Məzahir Əfəndiyev narkomaniya əleyhinə görülən işlər, əldə olunan nəticələr, habelə gənclərin narkomaniya əleyhinə maariflənməsi istiqamətində dünyada qəbul və tətbiq olunan mübarizə metodlarının əks olunduğu geniş təqdimatla çıxış etmişdir.
Onun fikrincə, bu gün gənclər arasında mənfi, xüsusən narkotikə alüdəçilik hallarının qismən də olsa qarşısının alınması üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin düzgün istiqamətdə, səmərəli aparılması daha vacibdir.
Ölkə gənclərinin, xüsusən regionlarda yaşayanların bu istiqamətdə məlumatlarının, bilgilərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir.
Məzahir Əfəndiyev bildirmişdir ki, ictimai-tərbiyəvi əhəmiyyətli belə tədbirlərin davamlı və ardıcıl şəkildə həyata keçirilməsi cəmiyyətdə, xüsusilə gənclər arasında narkomaniyanın yayılmasının qarşısını almaqla yanaşı, bu istiqamətdə hər bir gəncin potensialından istifadə etməklə mübarizəni daha da gücləndirəcəkdir.
Mövzu ətrafında çıxışlarda narkomaniya ilə mübarizədə maarifləndirmə işlərinin daha da gücləndirilməsi baxımından bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyi xüsusi vurğulanmışdır.
Tədbirdə ofis tərəfindən iştirakçılara bu sahədə maariflənməni daha da gücləndirəcək metodoloji vəsaitlər (bukletlər, döş nişanları, təqvimlər, papaq və köynəklər) paylanılmışdır.
Sonda tələbələrin çoxsaylı sualları cavablandırılmışdır.