Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “yox” deyək
Mingəçevir, 2 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Mingəçevir Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhər Gənclər Evində “Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “yox” deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Komissiyasının, Mingəçevir Şəhər Polis Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Mingəçevir Narkoloji Dispanserin nümayəndələri, şəhərin təhsil müəssisələrinin psixoloqları, tələbə və şagirdlər, Gənclər Evinin könüllüləri, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev qeyd edib ki, bəşəriyyətin ən böyük bəlalarından biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasıdır. Buna qarşı birgə mübarizə mühüm əhəmiyyət kəsb edir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Komissiyasının katibi Elşən Əliyev bildirib ki, müntəzəm olaraq gənclər arasında sağlam həyat tərzinin təbliği, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların qarşısının alınması məqsədilə tədbirlər həyata keçirilir.
Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı Elmir Cavadov narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbirdə çıxış edən Mingəçevir Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın insan sağlamlığına vurduğu ziyandan, törətdiyi fəsadlardan danışıb.
Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhəri Heydər məscidinin imamı Ələmdar Qiyasov narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasından söz açıb, milli-mənəvi və dini dəyərlərimizin narkomaniya ilə mübarizədə oynadığı roldan danışıblar.