“Sağlamlığa doğru qaç”: Bu dəfə səhiyyə işçiləri yarışdılar FOTO VİDEO















Şamaxı, 19 may, Rəşad Türkoğlu, AZƏRTAC
Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Atletika Federasiyası (AAF) və “Zəfər” Qaçış Klubunun dəstəyi ilə Şamaxı rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa doğru qaç” adlı qaçış layihəsinin növbəti mərhələsi təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Sonra Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Yarışda Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qəbələ, Şəki, Balakən, Zaqatala, Oğuz və Qax rayonlarının Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri, eləcə də Şəki Tibb Kollecinin tələbələri olmaqla, ümumilikdə, 140 nəfər iştirak edib.
Sonda qadın və kişi iştirakçılar arasında ilk üçlükdə yer alanlara diplom, medal və hədiyyələr təqdim olunub. Qaliblər iyunun 8-də Xankəndi şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Tədbirin bədii hissəsində “Şamaxı təranələri” qrupu və uşaqlardan ibarət ansamblın ifaları səsləndirilib.
17 İyun – Tibb İşçilərinin Peşə Bayramına həsr olunan layihənin əsas məqsədi səhiyyə işçilərinin fiziki sağlamlığının təşviqi, onların asudə vaxtlarının səmərəli təşkili, həmkarlar arasında həmrəyliyin möhkəmləndirilməsi və yeni dostluqların qurulmasıdır.