ELM VƏ TƏHSİL
Şah İsmayıl Xətaiyə həsr edilmiş beynəlxalq konfransın iştirakçıları Ədəbiyyat Muzeyinin qonağı olublar
Bakı, 9 sentyabr, AZƏRTAC
Şah İsmayıl Xətaiyə həsr edilmiş beynəlxalq konfransın iştirakçıları Ədəbiyyat Muzeyinin qonağı olublar.
Muzeydən AZƏRTAC-a bildirilib ki, konfrans iştirakçılarından olan alimlər – Ankara Hacı Bayram Vəli Universitetinin Lisansüstü Təhsil İnstitutunun “Ədəb-ərkan” elmi jurnalının rəhbəri professor Əhməd Taşğın, həmin jurnalın əməkdaşı Hakkı Taşğın, Kastamonu Universitetinin əməkdaşı professor Namiq Musalı, Türkiyənin Munzur Universitetinin professoru Əziz Ərdoğan, Vyana Universitetinin Pedaqoji Təhsil Kollecindən doktor Erdal Kalaycı və Nurten Kalaycı, Atatürk Universitetinin professoru Ali Sinan Bilgili və digərləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olublar.
Muzeyin direktoru akademik Rafael Hüseynov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb. Alim və tədqiqatçılarla beynəlxalq konfransla bağlı elmi diskussiyalar və fikir mübadiləsi aparıb.
Sonra akademik Rafael Hüseynov qonaqlara “İstiqlal zalı”nın tarixindən söz açıb, 2017-ci ildə bu tarixi məkanda görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətainin anadan olmasının 530 illik yubileyi ilə bağlı “Xətainin qılıncı və qələmi” mövzusunda respublika konfransı keçirildiyini qeyd edib.
Konfrans iştirakçılarını muzeyin ekspozisiyası ilə filologiya üzrə fəlsəfə doktoru Nərmin Əliyeva tanış edib. O, ekspozisiyanı ziyarətçilərə təqdim edərək Şah İsmayıl Xətainin həyat və yaradıcılığına həsr olunmuş guşədən ətraflı bəhs edib.
Muzeydən məmnunluqla ayrılan alimlər təəssüratlarını “Rəy kitabı”nda bölüşüblər.