CƏMİYYƏT
Sahibkarlar qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə məlumatlandırılıblar


Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) dəri məhsullarının idxalı və ixracı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı qurumun sədr müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. Gələn il yanvarın 1-dən etibarən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan qida məhsullarının ölkəyə idxalı ilə bağlı dəyişikliklərdən söz açan sədr müavini, həmçinin heyvan mənşəli məhsulların və heyvan dərisinin idxalı, yem əlavələrinin dövlət qeydiyyatı ilə bağlı tələblərə toxunub. Bildirib ki, Qanun bir çox beynəlxalq standartların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiq edilməsi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış, ümumilikdə istehlakçı hüquqlarının müdafiəsinə dövlət nəzarətinin daha da gücləndirilməsinə hədəflənib.
Tədbirdə “Qida təhlükəsizliyi haqqında” Qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən əvvəlcədən lazımi tədbirlərin görülməsinin və öz işlərini müasir standartlara və qaydalara uyğunlaşdırılmasının zəruriliyi diqqətə çatdırılıb.
Daha sonra sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.