CƏMİYYƏT
Sahibkarlarla “Əmək və Məşğulluq” altsistemi müzakirə edilib
Bakı, 25 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, dəyirmi masada Mərkəzin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin komitə sədri Musa Quliyev və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış edərək “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsinin əmək münasibətlərində köklü dəyişikliklərə səbəb olacağını bildiriblər.
Qeyd edilib ki, yeni altsistemin tətbiqi əmək bazarının bütün iştirakçıları üçün faydalı olacaq və ölkəmizdə bu sahə üzrə ciddi dəstək mexanizmi formalaşdıracaq. Həmin altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanılması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərindəki digər əməliyyatların rəqəmsal müstəvidə aparılması təmin olunur. Həmçinin bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artıracaq.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Sahibkarlar Konfederasiyasının, “Paşa Holding” MMC-nin, “Deloitte Azerbaijan”ın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-nin, Auditorlar Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan-Fransa Ticarət Palatasının, AMCHAM-ın, Azərbaycan Sənaye Korporasiyasının, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İB-nin, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, “Ernst and Young Azerbaijan”ın, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının və Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri iştirak ediblər.
Müzakirələr zamanı sahibkar təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.