Sahibsiz heyvanlar üçün xeyriyyə aksiyası
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) tələbələrin təşəbbüsü ilə yaradılan “Animal Care Club of UFAZ” tərəfindən sahibsiz heyvanlara yardım üçün xeyriyyə aksiyası keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, aksiyada tələbələr tərəfindən hədiyyə edilmiş müxtəlif növ kitablar, evdə hazırlanmış un məmulatları və aksesuarlar təqdim olunub. Toplanmış vəsait sahibsiz heyvanların qida, həkim və sığınacaq xərclərinin ödənişinə sərf olunacaq.
Qeyd edək ki, “Animal Care Club of UFAZ" tələbələr tərəfindən sahibsiz və ya yaralı heyvanlara yardım və heyvan sığınacaqlarına qrup şəklində ziyarətlər məqsədilə yaradılıb. Klubun missiyası danışa bilməyən, amma bizim kömək əlimizin uzadılmasına ehtiyacı olan heyvanlara qayğı göstərməkdir.