İDMAN
Şahin Bağırov: İnanıram ki, 2-3 il ərzində yeniyetmələr arasında voleybola həvəs artacaq və legionerlərin sayı azalacaq
Bakı, 27 dekabr, AZƏRTAC
“2023-cü ildə voleybolun paytaxtla yanaşı, digər bölgələrdə də inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirildi. İnanıram ki, bu tədbirlər sayəsində yaxın 2-3 il ərzində yeniyetmələr arasında voleybola həvəs artacaq və legionerlərin sayı azalacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Ş. Bağırov federasiya tərəfindən uşaq voleyboluna xüsusi diqqətin ayrıldığını da vurğulayıb: "Bakıda və regionlarda bir sıra seleksiya işləri aparıldı. Voleybolla məşğul olan, müvafiq normalara uyğun 150-yə yaxın qız və oğlan müəyyənləşdirildi. Bütün bunlar uşaq voleybolunun da təkmilləşməsi üçün vacib addımlardır".