Şahmat üzrə Bərdə şəhər birinciliyinin qalibləri məlum olub
Bərdə, 26 yanvar, AZƏRTAC
Bərdə rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə yeniyetmələrdən ibarət komandalar arasında keçirilən şahmat üzrə şəhər birinciliyi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda hər birində 2 qız və 2 oğlan olmaqla, 8 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən birincilikdə şəhər 8 nömrəli tam orta məktəbin komandası birinci, 5 nömrəli tam orta məktəbin komandası ikinci, 3 nömrəli tam orta məktəbin komandası isə üçüncü yeri tutub.
Qalib komandalar Gənclər Günü münasibətilə keçiriləcək tədbirdə müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar.