CƏMİYYƏT
Salim əl-Malik: Sülh təhsili iqlim böhranı, münaqişələr kimi cari qlobal çağırışlara həllər tapmaq üçün ən yaxşı yoldur
Bakı, 29 noyabr, AZƏRTAC
İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim əl-Malik sülh təhsilinin iqlim böhranı, münaqişələr və müharibələr kimi cari qlobal çağırışlara yenilikçi, birgə həllər tapmaq üçün ən yaxşı yol olduğunu vurğulayıb. O, ilk addımın sülh təhsilinin təhsil sistemlərinə inteqrasiyasını nəzərdə tutduğunu əlavə edərək, rəhbərlik etdiyi təşkilatın bununla bağlı bir çox qabaqcıl təşəbbüslər həyata keçirdiyini qeyd edib, həmçinin sülh təhsilinin bütün bəşəriyyət üçün daha təhlükəsiz və firavan gələcəyə sərmayə olduğuna əmin olduğunu bildirib.
AZƏRTAC təşkilatın məlumatına istinadla xəbər verir ki, bu bəyanat Salim əl-Malikin Parisdə Qlobal Sülh Təhsili Şəbəkəsi tərəfindən keçirilən sülh təhsili üzrə ikigünlük Qlobal Sammitin açılışında etdiyi virtual çıxışda yer alıb. Sammit bir sıra yüksəkvəzifəli rəsmiləri və qlobal sülhün təşviqi ilə məşğul olan beynəlxalq qurumların nümayəndələrini, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreşi bir araya gətirib.
Salim əl-Malik ICESCO-nun sülh quruculuğu sahəsindəki əsas səylərini, o cümlədən indiyədək 68 ölkədən 180 gənc kişi və qadına təşkilatın Gənc Sülh Səfiri olmaq üçün təlim keçmiş Sülh və Təhlükəsizlikdə Liderlik Təlimi Proqramını (LTIPS), habelə “360° Sülh yanaşması” təşəbbüsünü xatırladıb. O, texnologiyaların gələcəyin formalaşmasında əsas rol oynayacağı, xüsusən də süni intellektin məsuliyyətli istifadəsini təmin etmək üçün hər kəsin mənəvi öhdəlik götürməli olacağını qeyd edib.
Baş direktor təhsil sistemlərində texnologiyalardan etik istifadə yolu ilə sülh təhsilinin mühüm rolunu vurğulayıb. O əlavə edib: “Bu baxımdan ICESCO İslam dünyası üçün süni intellekt etikasına dair Ər-Riyad Xartiyasını qəbul edib və COP29-da iştirakı zamanı sülh və iqlim dəyişikliyi ilə bağlı geniş müzakirə sessiyaları keçirib”.
Salim əl-Malik çıxışını təşkilatın Sivilizasiyalararası Dialoq Mərkəzi vasitəsilə hamı arasında birgəyaşayış, anlaşma və qarşılıqlı hörmət dəyərlərini təşviq etməyə çalışdığını təsdiq edərək yekunlaşdırıb və ICESCO-nun sülh təhsili üzrə növbəti Qlobal Sammiti Rabatda keçirməyə hazır olduğunu vurğulayıb.