REGİONLAR
Salyan Dövlət Rəsm Qalereyası "Mirzə Qədim İrəvani – 200" adlı rəsm müsabiqəsi elan edib

Salyan, 19 fevral, AZƏRTAC
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinə tabe olan Salyan Dövlət Rəsm Qalereyası görkəmli rəssam, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə "Mirzə Qədim İrəvani – 200" adlı rəsm müsabiqəsi elan edib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında keçiriləcək rəsm müsabiqəsinə Qarabağ, Zəngəzur, İrəvan şəhəri, Mirzə Qədim İrəvani mövzuları üzrə rəsm əsərləri qəbul edilir. Müsabiqəyə təqdim olunan əsərlər yalnız realist üslubda, müxtəlif texnikalarda ola bilər. İştirakçılar müsabiqəyə minimum 1, maksimum 3 əsər təqdim edə bilərlər. Əsərlərin ölçüsü 30x40 sm (A3 format) olmalıdır. Rəsm müsabiqəsi 7-10, 11-15, 16-20 yaş qrupları üzrə keçirilir. Əsərlər Salyan Dövlət Rəsm Qalereyasına təqdim edilə və ya +994 50 546 80 30, +994 55 309 80 96 whatsapp nömrələrinə, [email protected] ünvanına göndərilə bilər.
Rəsm əsərləri aprelin 15-dək qəbul ediləcək.