Salyanda 1428 şagird buraxılış imtahanı verib
Salyan, 18 mart, Mahir Babayev, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin martın 18-də Salyan rayonun ümumtəhsil məktəblərinin məzunları üçün keçirdiyi ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının birinci mərhələsində 1428 nəfər 9-cu sinif şagirdi iştirak edib.
Dövlət İmtahan Mərkəzi (DİM) Şirvan regional bölməsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, imtahanların keçirilməsi üçün Salyanda 4 imtahan mərkəzi yaradılıb. Şəhərin 1 və 7 saylı, həmçinin Qarabağlı və Qardili kənd tam orta məktəblərində 59 imtahan zalı təşkil olunub. İmtahanların idarə olunması 4 ümumi və 11 imtahan rəhbərinə həvalə edilib. Yüz otuz nəzarətçi müəllim imtahanların gedişini izləyib. Buraxılış imtahanlarında 63 şagird müxtəlif səbəblərdən iştirak etməyib.
İmtahan mərkəzlərində şagirdlərin sərbəst şəkildə biliklərinin nümayiş etdirmələri üçün bütün imkanlar yaradılıb. Binaların təhlükəsizliyin təmin olunması üçün polis, yanğından mühafizə idarələrinin əməkdaşları və tibb işçiləri cəlb olunub.
Buraxılış imtahanları təlimata uyğun olaraq saat 11-də başlanılıb. Məktəblilər sualları iki saat ərzində cavablandırıblar. Sualları cavablandırmaqla yanaşı, inşa yazan şagirdlərə isə otuz dəqiqə əlavə vaxt verilib.
İmtahanların gedişində heç bir qanun pozuntusuna yol verilməyib.
Bu gün Dövlət İmtahan Mərkəzinin Şirvan regional bölməsinə daxil olan Neftçala və Hacıqabul rayonlarında 9-cu sinif, Şirvan şəhərində, Sabirabad və Saatlı rayonlarında isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinif şagirdləri də buraxılış imtahanı veriblər.