Salyanda baharın gəlişi sevinclə qarşılanıb
Salyan, 17 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda xalqımızın ən qədim bayramı olan, özündə milli dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və yüzlərlə salyanlı iştirak edib.
Rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov bayram tonqalını yandıraraq, Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib, hər bir ailəyə ruzi, bərəkət, bol sevinc arzulayıb.
Sonra mərasim iştirakçıları meydanda təşkil edilən xalq tətbiqi sənəti nümunələrindən ibarət sərgilərə baxıb, idmançıların çıxışlarını izləyib, ayrı-ayrı kəndlərin mətbəx və folklor nümunələri ilə tanış olublar.
Novruzun personajları olan Kosa və Keçəlin meydana daxil olması alqışlarla qarşılanıb. “Novruz bayramınız mübarək“ mahnısının sədaları altında meydana daxil olan Dədə Qorqud və Bahar qızı qəlblərə sevinc, fərəh və təravət gətirən Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib.
Bayram tədbiri rayon mədəniyyət və incəsənət ustalarının rəngarəng konsert proqramı və rəqs nümunələri ilə başa çatıb.