Salyanda keçirilən kitab bayramında üç yüzə yaxın kitab nümayiş olunub
Salyan, 6 may, AZƏRTAC
Salyan Şəhər Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan kitab bayramı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kitabxananın həyətində təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, gənclər, ziyalılar, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş əsərlərdən, müxtəlif dillərdə nəşr edilmiş kitablardan və yerli yazarların əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Salyan Mərkəzi Kitabxana Sisteminin direktoru Səidə Əliyeva 2004-cü ildən bu günədək ölkəmizdə kitabxana işi sahəsində həyata keçirilən islahatlardan, Prezident İlham Əliyevin bu sahənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlardan və kitabxana-informasiya sahəsindəki yeniliklərdən danışıb.
Rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev, Salyan Regional Yazıçılar Birliyinin sədri Nəbi İbrahimov kitab mədəniyyətinin formalaşması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərin mədəni inkişafımıza müsbət töhfələr bəxş etdiyini söyləyib, müasir dövrümüzdə informasiya texnologiyalarının sürətli inkişafına baxmayaraq, kitabların hələ də mədəni tələbatımızın daha dolğun şəkildə ödənilməsində ən dəyərli məlumat mənbəyi olduğunu diqqətə çatdırıblar.
Tədbirdə Mədəniyyət Mərkəzinin işçiləri, Salyan rayon Qulu Əsgərov adına musiqi məktəbinin müəllim və şagirdləri, ümumtəhsil məktəb şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin uşaqları Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Sonda bir qrup fəal oxucuya fəxri fərman verilib, 80-ə yaxın şagirdə müxtəlif kitablar hədiyyə olunub.