ŞAMAXIDA AZƏRBAYCAN I BEYNƏLXALQ BİZNES KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondunun (AZPROMO), “Evsen” Şirkətlər Qrupunun təşkilatçılığı ilə mayın 27-də Şamaxıda Azərbaycan I Beynəlxalq Biznes Konfransı keçirilmişdir. “Evsen” Şirkətlər Qrupunun məişət cihazları zavodunda keçirilmiş tədbirdə 32 dövləti təmsil edən 450-dən çox nümayəndə iştirak etmişdir. Beynəlxalq Biznes Konfransını “Evsen” Şirkətlər Qrupunun Prezidenti Əli Evsen açmış, ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi münasibətilə iştirakçılar adından xalqımızı təbrik etmişdir. Natiq regionda ilk belə böyük tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq demişdir ki, yeni, daha geniş əlaqələrin qurulmasında bu cür görüşlərin rolu böyükdür. Çünki məhz onların sayəsində davamlı əməkdaşlıq və yeni-yeni tərəfdaşlar qazanmaq imkanı yaranır. Biznes konfransın qarşısına qoyduğu əsas məqsəd regionların sosial-iqtisadi inkişafı çərçivəsində xüsusi sərmayələrin özəl sektora istiqamətləndirilməsi, bu bölmənin inkişafı üçün yaradılan əlverişli investisiya mühiti, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi, Azərbaycanın Türkiyə, Çin, Rusiya, İran və digər ölkələrlə iqtisadi münasibətlərinin perspektivləri, Azərbaycanda xarici sərmayələrin təşviqi üçün qanunvericilik bazasının yaradılması, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında özəl sektorun rolu haqqında yerli və xarici iş adamlarını ətraflı məlumatlandırmaqdır.
Biznes konfransında “Azərbaycanın iqtisadi inkişafında xarici sərmayələrin rolu”, “Azərbaycanda xarici sərmayə üçün əlverişli mühitin və qanunvericilik bazasının yaradılması”, “Azərbaycan-Çin iqtisadi münasibətləri və perspektivlər”, “Azərbaycan-İran iqtisadi münasibətləri və perspektivlər”, “Azərbaycan-Türkiyə iqtisadi münasibətləri və perspektivlər”, “Şamaxı rayonunun sosial-iqtisadi inkişafında özəl sektorun gördüyü işlər və yatırdığı sərmayə” mövzularında məruzələr dinlənilmişdir.
Milli Məclisin İqtisadi Siyasət daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə, iqtisadi inkişaf nazirinin müavini Niyaz Səfərov son illər ölkəmizdə aparılan iqtisadi islahatların, uğurlu daxili və xarici siyasət kursunun Azərbaycanı regionun lider dövlətinə çevirdiyini bildirmişlər. Göstərilmişdir ki, 2008-ci ildə Azərbaycan dünyanın 40-a yaxın ölkəsi ilə ticarət əlaqələri saxlamışdır. Ölkə iqtisadiyyatına 7,8 milyard ABŞ dolları investisiya qoyulmuşdur. Bunun 5 milyardını xarici investisiyalar təşkil edir. 2007-ci ildə təkcə rayonlarda iri layihələrə 700 milyon dollar investisiya cəlb olunmuşdur. Bu il isə həmin rəqəm artaraq bir milyarda çatmışdır.
Biznes konfransında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç çıxış edərək iki qardaş ölkənin bütün sahələrdə əlaqələrinin ən yüksək səviyyədə olduğunu bildirmişdir. Səfir qeyd etmişdir ki, indiyədək 600 türk şirkəti tərəfindən Azərbaycana 3 milyard dollar məbləğində investisiya yatırılmışdır. Təkcə 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard 680 milyon dollara çatmışdır.
Çin Xalq Respublikasının səfiri Çjan Xayçjou, Çin-Avropa Texniki və İqtisadi Əməkdaşlıq Assosiasiyasının prezidenti Xu Bing Jin, Çinin Hankonq əyalətinin Xarici Ticarət və İqtisadi Əməkdaşlıq şöbəsinin baş direktoru Zhuh Ze Nan, İraqın səfiri Arshad Omar İsmail, İran Ticarət Təşviqatı üzrə Təşkilatın rəisi Qəzənfəri, İran Export İnkişaf Bankının sədri Parvazian və başqaları ölkələrin, habelə rəhbərlik etdikləri qrupların investisiya imkanları, Azərbaycanla iqtisadi əlaqələri, bu əlaqələrin perspektivləri barədə məlumat vermişlər.
Konfransın sonunda ətraflı fikir mübadiləsi, biznes danışıqlar aparılmış, ikitərəfli görüşlər keçirilmiş, bir sıra müqavilələr bağlanmışdır.
Tədbir iştirakçılarına “Azərbaycan Respublikası regionlarının inkişafı” və “Honkonq əyalətinin inkişafı” adlı videosüjetlər nümayiş etdirilmişdir.
######
