ELM VƏ TƏHSİL
Şamaxılı məktəblilər ümummilli lider Heydər Əliyevin irsini böyük maraqla öyrənirlər
Şamaxı, 2 aprel (AZƏRTAC). Şamaxı rayonunun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri ümummilli lider Heydər Əliyevin irsinin dərindən öyrənilməsinə böyük maraq göstərirlər.
AZƏRTAC xəbər verir ki, aprelin 2-də Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin öyrənilməsinə həsr edilən növbəti açıq dərs də məktəblilərin yüksək fəallığı şəraitində keçmişdir.
“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında tədris olunan növbəti açıq dərsdə Şamaxı şəhərindəki 2 nömrəli tam orta məktəbin 24 nəfər XI sinif şagirdi iştirak etmişdir.
Təcrübəli tarix müəllimi Sevda Xəlilovanın mövzu ilə əlaqədar konkret faktlara əsaslanan mühazirəsi şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.
Açıq dərsdə Ümummilli Liderin şərəfli həyat yolu, ötən əsrin 90-cı illərinin əvvəllərində Sovet İttifaqının dağılması, erməni təcavüzü nəticəsində ölkəmizdə yaşanan gərginlik, yeganə çıxış yolunu görkəmli dövlət və siyasi xadim Heydər Əliyevdə görən xalqın təkidi ilə onun ikinci dəfə hakimiyyətə gəlişi və xilaskarlıq missiyası barədə məlumatlar məktəblilərdə böyük maraq oyatmışdır. Şagirdlərin diqqətinə çatdırılmışdır ki, xalqımızın bu böyük oğlunun gərgin səyi ilə müstəqil Azərbaycan Respublikası hüquqi dövlət quruculuğu yoluna qədəm qoymuş və bütün sahələrdə inkişafa nail olmuşdur.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın regionun ən qüdrətli və sürətlə inkişaf edən ölkəsinə çevrilməsi, bütün bunların ulu öndər Heydər Əliyev ideyalarının təntənəsi olması barədə məlumatlar da şagirdlər tərəfindən maraqla dinlənilmişdir.
Heydər Əliyev Mərkəzində məktəblilərə Ulu Öndərin həyat və fəaliyyəti ilə bağlı sənədlər barədə də ətraflı məlumatlar verilmişdir.