REGİONLAR
Şamaxının Bağırlı kəndində Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib FOTO VİDEO
Şamaxı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Şamaxı rayonunun Bağırlı kənd tam orta məktəbi üçün inşa edilmiş 460 şagird yerlik məktəb binası istifadəyə verilib. Bu münasibətlə keçirilən tədbirdə Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəbin müəllim və şagird kollektivi, kənd sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Fondunun nümayəndəsi Şamil Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək, müəllim və şagirdləri məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısı, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni tədris ocaqlarının tikilməsi və bu sahədə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr barədə ətraflı danışıblar.
Məlumat verilib ki, 1988-ci ildə inşa olunmuş Şamaxı rayonu F.Şıxəliyev adına Bağırlı kənd tam orta məktəbin binası ötən müddət ərzində köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Ona görə də yeni təhsil ocağının inşasına qərar verilmişdi.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 2024-2025-ci tədris ilində təhsil müəssisəsində 433 şagirdin təhsil prosesinə cəlb olunması planlaşdırılır. Məktəbdə 31 pedaqoji işçi çalışır.
Məktəbin direktoru Asif Mirzəyev AZƏRTAC-a bildirib ki, bütün otaqlar lazımi avadanlıqlarla və əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində abadlıq və yaşıllaşdırma işləri görülüb. “Heydər Əliyev Fondunun Bağırlı kənd tam orta məktəbində gördüyü işlər təhsilin keyfiyyətinin təminatına, uşaqların bilik və bacarıqlarının davamlı artımına hesablanıb”, - deyə məktəb direktoru əlavə edib.
Məktəbin 11-ci sinif şagirdi Nərmin Mirzəli də təəssüratlarını bizimlə bölüşüb. Qeyd edib ki, əvvəlki məktəb binası qəzalı və şəraitsiz idi, amma indi gözəl məktəb binası inşa olunub. O deyib: “Kəndimizdə müasir məktəbin olmasını arzulayırdıq. Bu arzumuz artıq reallaşdı. İndi bizim məktəbimiz paytaxtdakı məktəblərdən belə geri qalmır. Bundan sonra biz yaradılan şəraitdən istifadə edərək daha yaxşı oxumalı, Vətənimizə layiqli övlad olmalıyıq”.
Yeni binanın tikintisi ilə bağlı işləri üzərinə götürən Heydər Əliyev Fondu tərəfindən inşa edilən 3 korpusdan ibarət ikimərtəbəli məktəb binasında 21 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim və tibb otaqları, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt və idman zalları, açıq idman meydançası var.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.