Şamaxıya gələn turistlərin sayı 10 faizdən çox artıb






Şamaxı, 25 avqust, AZƏRTAC
Cari ildə Şamaxıya 84 min 892 nəfər turist gəlib və onlardan 24 min 605-i xarici turistlərdir. Bölgəyə gələn turistlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 10 faizdən çox artıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, turistləri təkcə Şamaxının gözəl təbiəti, zəngin flora və faunası deyil, bu qədim yaşayış məskəninin tarix və mədəniyyət abidələri də cəlb edir. Belə ki, 743-cü ilə aid Cümə məscidi, orta əsrlərdə tikilən Gülüstan qalası və digər onlarla tarix və memarlıq abidələri, habelə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası turistlərin böyük maraq göstərdikləri yerlərdir. Hazırda Şamaxıda 5 turizm marşrutu var ki, bunlar öz zənginliyi ilə cəlbedicidir.
Qeyd edək ki, Azərbaycanda turizmin inkişafına göstərilən dövlət qayğısı Şamaxı bölgəsində də müsbət nəticələrini verməkdədir. Bu gün bölgədə 1022 yerlik 22 istirahət mərkəzi və 3 beşulduzlu otel fəaliyyət göstərir. Rayonun Avaxıl kəndi ərazisində yeni istifadəyə verilən “Montano” istirahət mərkəzində turistlər üçün hər cür şərait yaradılıb.