CƏMİYYƏT
Sankt-Peterburqda keçirilmiş simpoziumda Azərbaycan alimlərinin məruzələri diploma layiq görülmüşdür
Bakı, 1 oktyabr (AZƏRTAC). 2016-cı ildə Bakıda “Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” mövzusunda III Rusiya-Azərbaycan beynəlxalq simpoziumun keçirilməsi gözlənilir.
Bu barədə qərar AMEA-nın Kimya Problemləri və Neft-Kimya Prosesləri institutları əməkdaşlarının iştiraki ilə Sankt-Peterburqda keçirilmiş II simpoziumda qəbul olunmuşdur.
AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbir Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Karbohidrogenlərin Emalı Problemləri İnstitutu və Omsk Elmi Mərkəzi, Q.K.Boreskov adına Kataliz İnstitutu, Sankt-Peterburq Elmi Mərkəzi, Kataliz üzrə Elmi Şura və AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu tərəfindən təşkil olunmuşdur.
Azərbaycan alimləri tərəfindən beynəlxalq tədbirə ümumən 9 şifahi və 9 nümayiş məruzəsi təqdim olunmuşdur. Onların katalizatorlardan səmərəli istifadəyə xidmət edən məruzələri tədbirin təşkilat komitəsi tərəfindən həyata keçirilmiş müsabiqə nəticəsində dəyərləndirilmişdir. Birinci dərəcəli diploma Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya rəhbəri R.Əliyevanın “AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun oliqomerləşmə və polimerləşmə proseslərində ion-maye katalizi sahəsində tədqiqatları” mövzusunda məruzəsi, ikinci dərəcəli diploma isə həmin institutun əməkdaşı və doktorantı G.Muxtarovanın “Təbii nano ölçülü katalizatorla qudronun hidrokrekinqi prosesinə rejim parametrlərinin təsiri” mövzusunda məruzəsi layiq görülmüşdür.