Savalan Mirzəyev: Qərb Gürcüstanda hakimiyyət dəyişikliyinə şərait yaratmağa çalışır

Tbilisi, 18 oktyabr, AZƏRTAC
“Artıq 12 ildir ki, Gürcüstan xalqının etimadını qazanırıq. Sağ olsun gürcü xalqı bizə hakimiyyətdə qalmağa şərait yaradır. Ümidvaram ki, oktyabrın 26-da da biz yüksək faizlə xalqın dəstəyini yenidən qazanacağıq. Aparılan sosioloji sorğuların ilkin nəticələri də bu inamı daha da artırır. Son sorğuda respondentlərin 60 faizindən çoxu hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasını dəstəkləyiblər”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstan Parlamentinin deputatı Savalan Mirzəyev deyib.
Onun sözlərinə görə, əhali hakim partiyanın siyasi kursunu yaxşı bilir: “Hər kəs yaxşı bilir ki, bizim əsas məqsədimiz ölkədə sülhün qorunub saxlanılması və ölkəni inkişaf etdirməkdir”.
Deputat deyib ki, Avropa Birliyi Gürcüstanla bağlı artıq bir neçə qərar və qətnamə qəbul edib. Bu daxili siyasətə müdaxilə sayılıb və söz azadlığını məhdudlaşdırmaq kimi qiymətləndirilib. Qərb ölkələri çalışırlar ki, hakim partiyanın rəhbərlərinə sanksiyalar tətbiq etsinlər.
“Fikirimcə bu da bir növ onların müxalifətə humanitar dəstəyidir. Onlar çalışırlar müxalifət maksimum dərəcədə qalib gəlsin. Müxalifətin isə yerli xalqdan dəstəyi yoxdur. Ona görə də ölkədən kənardakı qüvvələrə müraciət edirlər ki, hansısa formada xaos yaradılsın, asayişi pozsunlar. Amma onlar buna nail ola bilməyəcəklər” – deyə, S.Mirzəyev vurğulayıb.
Onun sözlərinə görə, Qərb bir neçə aydır ki, Gürcüstanda hakimiyyət dəyişikliyi yaratmaq istəyir. Qeyd olunub ki, ölkə rəhbərliyi dəfələrlə bəyan edib ki, bizim ikinci cəbhə açmağa ehtiyacımız yoxdur. Əsas məqsədin ölkədə sülh və sabitliyin bərqərar olması, ölkənin inkişafı üçün ən gözəl şəraitin yaradılmasıdır.
Deputatın sözlərinə görə, bu gün Gürcüstan-Azərbaycan əlaqələri heç zaman olmadığı kimi yüksək səviyyədədir. İki ölkə arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. Hər iki ölkə liderlərinin bəyanatlarında da bu aydın görünür:
“Düşünürəm ki, məhz bu hakimiyyətin dövründə ikitərəfli münasibətlər daha da inkişaf edib və möhkəmlənib. Hakim partiyanın nümayəndəsi, parlamentlərarası dostluq qrupunun üzvü olaraq görürəm ki, bütün işlərə maksimum şəkildə məsuliyyətlə yanaşılır ki, bütün sahələrdə əlaqələrimiz inkişaf etsin”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi