İQTİSADİYYAT
Saxlama müddəti ötmüş ərzaq məhsulu satışdan çıxarılmışdır
Bakı, 22 sentyabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Binəqədi rayonunda Gülövşə Həsənovaya məxsus mağazada, “Limon”, “Ulu körpü”, “Fərid”, Nərimanov rayonunda “Ziya”, “Yeni” marketlərdə, Gülbəniz Ruşanovaya, Kamran Əhədova məxsus mağazalarda, Xəzər rayonunda “Nigar market”də, Natiq Nəcəfova, İmran Manafova, Nurəddin Qəmbərova, Abşeron rayonunda Hikmət Şirinova, Sabirabad rayonunda Emil Nəsirova, Ağdam rayonunda Eldəniz Əliyevə, Qəbələ rayonunda Vüsal Cəbiyevə məxsus mağazalarda ümumi çəkisi 360 kiloqrama yaxın olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.