Səbail rayonunun birinci rübün sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub
Bakı, 20 aprel, AZƏRTAC
Səbail Rayon İcra Hakimiyyətində 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə bütün səbailliləri təbrik edib, rayon ictimaiyyəti adından Prezidentə ölkəmizin inkişafı, tərəqqisi və xalqımızın rifahının artırılması istiqamətindəki işlərində yeni-yeni uğurlar arzulayıb.
İcra başçısı cari ilin ilk 3 ayında Səbail rayonunda görülən işlər, həyata keçirilən layihələr, sosial-iqtisadi inkişafda əldə olunmuş uğurlar və mövcud problemlər və onların aradan qaldırılması yolları barədə ətraflı məlumat verib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev rayonda 2018-ci ilin birinci rübünün yekunlarından danışaraq qeyd edib ki, 3 ay ərzində rayonun iri sənaye müəssisələri tərəfindən 7 milyard 319,9 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsal 1,4 faiz artıb.
İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 123,7 milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 30,7 faiz çox, rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 50,3 milyon manat və ya 76,5 faiz çox olub.
3 ayda bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 1 milyard 191,5 milyon manat, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 775,3 milyon manat təşkil edib.
Hesabat dövründə Səbail rayonu ərazisində 1438 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.
Qeyd olunub ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir.
Hər il olduğu kimi, bu ildə Formula 1 yarışları ərəfəsində şəhər mərkəzində yerləşən yaşayış binalarının fasadlarında təmir-rəngləmə işləri aparılıb. Eyni zamanda, mərkəzdəki bütün əsas küçələrdə və istirahət parklarında səkilərdə təmir işləri aparılıb, panduslar quraşdırılır.
Rayonun ən böyük qəsəbəsi olan Badamdar qəsəbəsində sosial layihələrin həyata keçirilməsi davam edir. RİH tərəfindən qəsəbənin əsas küçəsi olan Badamdar yolunun müasir standartlara uyğun yenidən qurulması ilə bağlı işlər görülür.
Dövlətimizin başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan, köhnəlmiş yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 14-dən çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar, Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rostropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisi sürətlə davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.
Eyni zamanda, şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilir, burada mövsümi güllər əkilib, yaşıllaşdırma işləri görülüb. Bu işlər davam etdirilir.
Qeyd olunub ki, 2018-ci ilin yanvarında atmosfer yağıntılarının təsirindən Səbail rayonu Bayıl yamacındakı mövcud sürüşmə zonasında aktivlik nəzərə çarpmış, fevralın 10-da isə bu ərazidə baş vermiş lokal torpaq sürüşməsi nəticəsində 4 fərdi yaşayış evi tam, 2 fərdi yaşayış evi isə qismən dağılıb.
Sakinlərin təhlükəsizliyinin təminatı üçün Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılmış və onlar təhlükəli ərazidən köçürülüblər.
Vətəndaşların problemlərinin həlli ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ərazidən köçürülmüş 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqlarının ödənilməsinə vəsait ayrılıb.
Həmçinin Nazirlər Kabinetinin digər Sərəncamına uyğun olaraq bu ərazidə baş vermiş lokal torpaq sürüşməsı nəticəsində ziyan çəkmiş 6 fərdi yaşayış evlərində yaşayan vətəndaşlara birdəfəlik maddi yardım verilib.
Hazırda sürüşmə ərazisində mütəxəssislər tərəfində araşdırmaların aparılması davam edir və onların rəyinə əsasən bu ərazidə yerləşən tikililərin gələcək taleyi müəyyən olunacaq.
Görülən işlərlə yanaşı, həmçinin rayon icra hakimiyyəti tərəfindən müxtəlif mövzularda xeyli tədbir, dəyirmi masa, görüş və s. təşkil olunub, Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində RİH-in təşkilatçılığı ilə ingilis dilinə tərcümə olunmuş “Azərbaycanlıların soyqırımı” kitabının təqdimatı keçirilib.
Tədbirdə çıxış edənlər yerli infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, nəzərdə tutulan yeni abadlıq-quruculuq layihələri, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması üçün onların asudə vaxtlarının təşkili ilə bağlı əlavə tədbirlərin görülməsi, bu ay keçiriləcək irimiqyaslı beynəlxalq idman yarışları zamanı mərkəz ərazilərin sanitar vəziyyətinin yüksək səviyyədə saxlanılması, vətəndaşların müraciətləri ilə bağlı görülən işlərə və s. məsələlərə toxunublar, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.