Sədr müavini: Bugünkü əmək yarmarkasında 800-dən artıq vakansiya təqdim olunub

Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyi tərəfindən əmək bazarının tələblərinə uyğun olaraq məzunların məşğulluğunun təmin edilməsi və onların işə qəbul imkanlarının artırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bugünkü əmək yarmarkasında 90-a yaxın işəgötürən iştirak edib və 800-dən artıq vakansiya təqdim olunub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Məşğulluq Agentliyinin sədr müavini Ramal Quluzadə jurnalistlərə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, təqdim olunan vakansiyaların təxminən 200-ü ixtisas tələb edən, 600-dən çoxu isə müxtəlif peşə sahələrinə yönəlmiş vakansiyalar olub. Bu fakt əmək bazarının peşəyönümlü kadrlara artan tələbatını bir daha təsdiqləyir. Dövlət Məşğulluq Agentliyi tərəfindən 2025-ci ildə ümumilikdə 150 əmək yarmarkasının keçirilməsi planlaşdırılıb. Artıq il ərzində 69 əmək yarmarkası, işğaldan azad olunmuş ərazilərdə isə 18 əmək yarmarkası təşkil edilib. “Bugünkü yarmarkada daha çox biznes analitikası, emal və istehsalat sənayesi, eləcə də tikinti sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib. Eyni zamanda, ali təhsil müəssisələrinin ixtisasyönümlü proqramları nəzərə alınmaqla uyğun vakansiyalar təqdim olunub. Əmək yarmarkası yekunlaşdıqda belə vətəndaşlar təqdim olunan vakansiyalarla tanış olmaq və müraciət etmək üçün “www.dost.gov.az” platforması vasitəsilə onlayn şəkildə ərizə göndərə bilərlər. Yarmarka bitdikdən sonra isə müraciətlər Dövlət Məşğulluq Agentliyinin yerli mərkəzlərinə və “DOST” mərkəzlərinə yönəldilməklə davam etdirilə bilər. Bu istiqamətdə göstərilən fəaliyyətlər ölkədə gənclərin və məzunların məşğulluğuna dəstək olmaqla yanaşı, əmək bazarının inkişafına və sosial rifahın yüksəldilməsinə xidmət edir”, - deyə R.Quluzadə əlavə edib.