CƏMİYYƏT
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşlarla görüşüb VİDEO
Bakı, 16 avqust, AZƏRTAC
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov avqustun 16-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt, Abşeron, Xızı, Qubadlı, Şuşa, Zəngilan şəhər və rayonlarından olan vətəndaşlarla görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb.
Görüşdə 20 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpa olunma, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi və sair məsələlərlə bağlı müraciət ediblər.
SHXÇDX-nin rəisi Mürsəl İbrahimov görüşdə hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir hissəsi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, görüş Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin iyulunda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Vətəndaşların bölgələrdə qəbul edilməsi müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.