Şefik Caferoviç: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adını daşıdığı şairin nəcib missiyasını davam etdirir

Bakı, 29 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə (NGBM) onillik yubileyi münasibətilə təbrik müraciəti ünvanlayıb.
AZƏRTAC müraciəti təqdim edir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzini onillik yubileyi münasibətilə təbrik edirəm. On il, istər iki insanın dostluğu olsun, istərsə də bu təşkilatın çoxsaylı üzvlərinin və tərəfdaşlarının dostluğu olsun, mühüm mərhələdir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ciddi təşkilatdır. Eyni zamanda, mövcud dostluqları gücləndirən və yeni dostluqlar yaradan dostluq qovşağıdır.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi mövcud hərbi əməliyyatların dayandırılması və yenilərinin qarşısının alınması üçün müzakirələrin aparıldığı platformadır. Bu, insanları bir araya gətirən və dialoq, tolerantlıq, müştərək cəmiyyətlər ideyalarını yayan bir təşkilatdır.
Təhsil və bilik insanlar arasında sülhün ilkin şərtidir. Buna görə də kitablar sülhün bünövrəsini təşkil edir. Ona görə də bu təşkilat kitab adamı, qələm adamı - Gəncənin böyük şairi Nizaminin adını daşıyır.
Əziz dostlar, Nizami Gəncəvi fars dilində yazıb, ərəb ədəbiyyatından faydalanıb, lakin Qafqaza, Azərbaycanın da daxil olduğu əraziyə, daha dəqiq desək, adının qoyulduğu Gəncə şəhərinə mənsub olduğunu həmişə bildirib. Nizami özünün ecazkar Azərbaycan şəhərinin adını şöhrətləndirib. O, fitri istedadından xalqına xidmət etmək üçün istifadə etməyi seçib, daima sosial islahatçı, Şərq intibahı adlanan dövrünün nümayəndəsi olub. O, şeirlərində məhəbbətdən söz açıb, qadının cəmiyyətdəki rolunu gücləndirməyi təbliğ edib, daim biliyi ən yüksək kürsüyə qoyub. Nizami Gəncəvi, ilk növbədə, şair olsa da, Leonardo da Vinçi və Mikelancelo kimi astronomiya, riyaziyyat, islam hüququ, kimya, tibb, botanika, fəlsəfə və çoxsaylı digər elmləri yaxşı bilirdi. Onun əsərləri, geniş bilik sahələri müxtəlif mədəniyyətlər və dünyanın hissələri arasında körpü idi.
Nizami Gəncəvinin əsərləri İslamdan əvvəlki dünya ilə İslam dünyasını birləşdirir. Onlar Şərqi Aralıq dənizi, Qafqaz və Hind dənizinin sahilləri arasında körpüdür. Onun “Xəmsə” poemasının üçüncüsü Leyli və Məcnunun məlum taleyindən, idealların insanı ən böyük ümidsizlik anlarında belə xilas edə biləcəyindən bəhs edir. Ancaq, eyni zamanda, bir anlaşılmazlığın eyni həyatı necə məhv edə biləcəyini izah edir.
Əziz dostlar, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adını daşıdığı şairin nəcib missiyasını davam etdirir. Son dörd il ərzində sizinlə əməkdaşlıq edərək bunu öz gözümlə görmək üçün çoxsaylı imkanlar əldə etdim. Nizaminin yaratdığı əsərlər kimi, bu təşkilatda Amerikadan Çinə, Afrikadan Skandinaviya və Baltikyanı ölkələrə, Balkanlardan Qafqaza, Atlantikdən Sakit okeana qədər dünyanın bütün guşələrini birləşdirir. Nizaminin əsərlərində olduğu kimi, bu təşkilat da bilik öyrənməyə, tolerantlığa, dialoqa və müştərək cəmiyyətlər ideyasına həsr olunub. Nizami kimi, bu təşkilat da öz ideallarını diqqətlə qidalandırır və demək olar ki, hər bir sözünə əhəmiyyət verir. Sözlər onları danışanın əhəmiyyətini alır. Ona görə də bu təşkilatın ən böyük dəyəri, irəli sürdüyü məqsədlərlə yanaşı, bu məqsədlərin arxasında duran insanlardır.
İsmail Serageldinin haqqında danışdığı “bilik” sözü müstəsna əhəmiyyət daşıyır. Vayra Vike-Freyberqa tərəfindən səsləndirilən “tolerantlıq” sözü dərin mənaya malikdir. Dialoq və müştərək cəmiyyət dəyərləri Bosniya və Herseqovinada, Azərbaycanda və Balkan regionunda müxtəlif mədəniyyətlərlə birgə yaşamağın oxşar təcrübəsini paylaşan Qafqaz ölkələrində xüsusi məna kəsb edir.
Bu qurumun əsas himayədarı olan Prezident İlham Əliyevlə işləmək şərəf idi. Sabiq və hazırkı prezidentlər, Baş nazirlər, nazirlər və digər rəsmilərlə çalışmaq məmnunluq doğurur.
Rövşən Muradovun rəhbərlik etdiyi katibliyə xüsusi təşəkkürümü bildirirəm. Onillik yubileyi münasibətilə təbriklərimlə yanaşı, gələcək illərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə ümumi rifah naminə öz missiyasının məqsədlərini yerinə yetirməsində daim uğurlar arzulayıram.
Diqqətinizə görə təşəkkürlər.