Səfir: Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bütün region üçün yeni reallıqlar yaranıb

Tbilisi, 5 oktyabr, AZƏRTAC
Torpaqlarımızın təqribən 30 il davam edən işğalına son qoyulması, ərazi bütövlüyümüzün bərpa olunması nəinki Azərbaycan, eləcə də bütün region üçün yeni reallıqlar yaradıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə Norveç Krallığının bu ölkədəki səfiri Berqlöt Hovland (Bergljot Hovland) ilə görüşdə söyləyib.
Səfir F.Quliyev norveçli həmkarına son vaxtlar bölgədə cərəyan edən proseslər barədə məlumat verib. Bildirib ki, təqribən 30 il boyunca ölkəmizə qarşı davam edən təcavüzə, torpaqlarımızın işğalına son qoyulması, ərazi bütövlüyümüzün bərpa olunması nəinki Azərbaycan, eləcə də bütün region üçün yeni reallıqlar yaradıb.
Diplomat bildirib ki, “Əsrin müqaviləsi” imzalandığı vaxtdan etibarən Azərbaycan ilə Norveç arasında neft-qaz sektorunda əməkdaşlıq uğurla inkişaf edir.
Səfir B.Hovland Gürcüstanın strateji tərəfdaşı və aparıcı Avropa ölkələrinin bölgədə ən mühüm tərəfdaşlarından biri olan Azərbaycanın hökuməti ilə Avropa dövlətləri arasında strateji dialoqu yüksək qiymətləndirib, əldə edilən vacib razılaşmaların, layihələrin tezliklə gerçəkləşəcəyinə ümidvar olduğunu vurğulayıb.
F.Quliyev Azərbaycanın Gürcüstan və Türkiyə ilə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini bölgənin tərəqqisini şərtləndirən başlıca amil kimi xarakterizə edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi