SİYASƏT
Səfir Lətif Qəndilov: Dünya ümidlərini Bakıda keçiriləcək COP29-un qərarlarına bağlayır
Bakı, 17 sentyabr, AZƏRTAC
Bu günlərdə Bişkekdə Mərkəzi Asiya və Əfqanıstanda iqlim dəyişmələri məsələləri ilə bağlı gənclər və uşaqların regional konfransı keçirilib. Burada qeyd olunub ki, bu ilin noyabrında Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək və bu tədbirdə Qırğızıstandan olan nümayəndə heyəti də iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov Bişkekdə keçirilən forumdakı çıxışından sonra “Veçerniy Bişkek” nəşrinə verdiyi eksklüziv müsahibəsində BMT-nin Bakıda keçiriləcək konfransındakı danışıqlarda hansı əsas istiqamətlərin nəzərdən keçiriləcəyi və belə bir qlobal foruma ev sahibliyi etmək üçün niyə məhz Bakının təsdiqləndiyi barədə danışıb.
“COP29-un keçiriləcəyi məkan kimi Bakının seçilməsi dünya ictimaiyyətinin Azərbaycana ciddi tərəfdaş kimi yüksək etimadının əlaməti, onun səylərinə və iqlim problemlərinin həllinə verdiyi töhfəyə verilən yüksək qiymət kimi dəyərləndirilə bilər. Biz qarşımıza iqlim dəyişmələri sahəsində regional və yerli məqsədlər deyil, dünya miqyasında qlobal məqsədlər qoyuruq.
COP29-un keçiriləcəyi yerin seçilməsinə Azərbaycanın beynəlxalq səviyyəli müxtəlif böyük tədbirlərə və forumlara ev sahibliyi etməkdə artıq qiymətli təcrübəyə malik olması da təsir edib. Paytaxtımız dəfələrlə özünü irimiqyaslı tədbirlər üçün ideal platforma kimi nümayiş etdirib”, - deyə azərbaycanlı diplomat bildirib.
O, belə bir qlobal foruma hazırlıqdan danışaraq bildirib ki, Azərbaycan forumun keçiriləcəyi yer kimi ötən il dekabrın 11-də seçilib. Artıq dekabrın 15-də Prezident İlham Əliyev işgüzar müşavirə keçirib və tədbirin keçirilməsi ilə bağlı göstərişlər verib. “Prezident İlham Əliyevin bildirdiyi kimi, qarşıdan gələn iqlim konfransı ən mötəbər beynəlxalq tədbirlərdən biridir, çünki ölkələrin təmsilçiliyi baxımından BMT Baş Assambleyasından heç də geri qalmır”, - deyə səfir qeyd edib.
Azərbaycanlı mütəxəssislər COP29-a sədrlik və keçirilməsi çərçivəsində iqlim dəyişmələri məsələlərinə dair müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmiş, artıq COP-a ev sahibliyi etmiş digər ölkələrin təcrübəsini öyrənmiş, müxtəlif regionlardakı ölkələrlə ikitərəfli danışıqlar aparmışlar.
“Bu gün dünya ictimaiyyətinin qarşısında planetdə orta temperaturun Selsi üzrə 1,5 dərəcədən çox artmasının qarşısını almaq vəzifəsi durur, əks halda, dünya fəlakətli nəticələrlə üzləşəcək. Biz artıq onları özümüzdə və sağlamlığımızda hiss edirik. Fırtınalar, qasırğalar, sel və daşqınlar, meşə yanğınları, çaylarda və göllərdə suyun səviyyəsinin enməsi, quraqlıq və nəticədə kənd təsərrüfatı məhsuldarlığının aşağı düşməsi, ərzaq məhsullarının bahalaşması. Bütün bu müsibətlər və təhdidlər planetdə istiləşmə ilə bağlıdır və bu, sabahkı gün deyil, artıq bu gündür. Bu da təəssüf ki, bütün dünya üçün bir çox ən ciddi problemlərin başlanğıcıdır. Bax buna görə də bəşəriyyət öz qlobal ümidlərini müəyyən dərəcədə Bakıda keçiriləcək COP29-un qərarları ilə bağlayır”, - deyə Azərbaycanın səfiri Lətif Qəndilov müsahibəsində qeyd edib.
Ölkəmizdə ekoloji məsələlərə göstərilən diqqətdən danışan diplomat bildirib ki, COP29-a ev sahibliyi edən tərəf kimi Azərbaycan iqlimin qorunmasında nümunə göstərir. “İqlim dəyişmələri ilə mübarizə məsələləri milli planlara daxil edilib. Ölkə bu yaxınlarda Qlobal Metan Öhdəliyi və istixana qazı emissiyalarının atmosferə buraxılmasının daha da azaldılması imkanının araşdırılmasına qoşulub. Yaşıl artım Azərbaycan üçün əsas inkişaf prioritetlərindən biridir. Milli səviyyədə və ondan kənar iqlim dəyişmələri ilə mübarizədə fəaliyyətə təkan vermək üçün Prezident İlham Əliyev bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.
Bu gün Azərbaycan yaşıl enerjiyə keçiddə regional liderdir. Son illərdə biz bütün ölkə üzrə yaşıl layihələrə diqqət yetiririk, işğaldan azad edilmiş ərazilərdə “ağıllı” şəhər və kəndləri inkişaf etdiririk. Onilliklər davam edən erməni işğalı zamanı bu torpaqlara ekoloji cəhətdən ciddi ziyan vurulub. 2050-ci ilə qədər bu rayonlar və Naxçıvan Muxtar Respublikasının ərazisi sıfır emissiya zonasına çevriləcək. 2030-cu ilədək Azərbaycanda müəyyən edilmiş elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payı 30 faizə çatacaq”, - deyə Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov bildirib.