“Şəhər incəsənəti. Azərbaycan” layihəsinin təqdimatı olub
Bakı, 29 yanvar, AZƏRTAC
Yanvarın 29-da Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Şəhər incəsənəti. Azərbaycan” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir muzeyin xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
Muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nərgiz Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin elmə xüsusi önəm verdiyini vurğulayıb.
“Şəhər incəsənəti. Azərbaycan” layihəsi barədə danışan alim qeyd edib ki, bu layihə Bakının şəhər incəsənətini və xalqımızın tarixini təbliğ etmək, incəsənətin inkişafını dəstəkləmək məqsədi daşıyır. Eyni zamanda, şəhər incəsənəti ideyasının və anlayışının gənclər arasında yayılması və genişləndirilməsi nəzərdə tutulur.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov, Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyev, MATM-ın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Sevinc Nəsirova, Xəzər Universitetinin nümayəndəsi Əlövsət Əmirbəyli və digər çıxış edənlər layihə ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini diqqətə çatdırıblar.
Layihənin ideya müəllifi, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Xəzər Universitetinin tarix və arxeologiya departamentinin əməkdaşı Orxan Zamanov layihə çərçivəsində reallaşdırılacaq tədbirlərdən danışıb.
Diqqətə çatdırılıb ki, yaradıcılıq müsabiqəsi, sərgi, təlim-treninqlər formatında reallaşdırılacaq layihənin ideyası müasir şəhər incəsənəti trendlərinin həmvətənlərimiz, xüsusilə gənclər arasında düzgün təbliğinə yönəlib. Həmçinin layihə Bakının şəhər incəsənətinin və tariximizin ölkə daxilində və xaricdə təbliğinə xidmət edir.
Bildirilib ki, tariximizi yeni nəslə yeni çalarlarla aşılamaq həvəsində olan hər kəs müvafiq müsabiqənin iştirakçısı ola bilər. Bu zaman həmin iştirakçı istənilən texnikadan (“conceptual art”, “photo art”, rəngkarlıq, qrafika, heykəltəraşlıq, tətbiqi sənət, “video art”, “installation art”, “art performance” və s.) istifadə etməklə öz ideyasını gerçəkləşdirə bilər.
Hazırlanan işlər saat 11:00-dan 17:00-dək aşağıdakı ünvana göndərilə bilər: Azərbaycan, Bakı, Məhsəti küçəsi 41 (Xəzər Universiteti), Bakı, H.Cavid pr., 115 (AMEA Memarlıq və İncəsənət İnstitutu).
[email protected],https://www.facebook.com/cityartazerbaijan, instagram: cityart.azerbaijan, Mobil nömrəsi: +994(55) 454 04 75 (Səidə Musayeva) +994(55) 739 88 76 (Pərvanə Əliyeva).
İşlər martın 11-dək qəbul olunur.
İşləri təhvil verərkən müraciət blankına ad, soyad, təvəllüd, işin adı, ölçüsü, texnikası və konsepsiyası qeyd olunmalıdır. Hər iştirakçı yalnız bir iş təqdim edə bilər. Blankı https://drive.google.com/file/d/1Bigx0Dxdi_l3btR2A9YfiAj4qEAUKEXd/view ünvanından əldə etmək mümkündür.
Qalib iş nümayiş etdiriləcək. İlk mərhələni keçən iştirakçılara hədiyyə və sertifikatlar, layihənin qalibinə isə xüsusi mükafat, diplom veriləcək və əsərinin ictimaiyyətə təqdim olunması imkanı yaradılacaq.