Şəhid Ayaz Əhmədovun xatirəsi ehtiramla yad olunub
Göyçay, 8 oktyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayın İkinci Ərəbcəbirli kəndində Vətən müharibəsi şəhidi Ayaz Əhmədovun şəhadətə yüksəlməsinin beşinci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasim iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək, məzarı üzərinə gül dəstələri düzüblər.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, anım mərasimində şəhidin döyüş yolu qəhrəmanlıq nümunəsi kimi xatırlanıb. Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən və şəhid Ayaz Əhmədovun keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Şəhidin döyüş meydanında göstərdiyi igidlik, silahdaşları ilə birlikdə düşmənə qarşı apardığı mübarizə və endirdiyi ağır zərbələr qürurla vurğulanıb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Qeyd edək ki, Ayaz Əhmədov 2002-ci il martın 4-də Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində anadan olub. 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. 2020-ci il sentyabrın 21-də Hərbi Komissarlıq tərəfindən təlimlərə çağırılıb. "N" saylı hərbi hissədə topçu, baş atıcı və manqa komandiri vəzifələrini icra edib.
Vətən müharibəsinin iştirakçısı olan Ayaz Əhmədov oktyabrın 6-dan 7-nə keçən gecə Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlib. O, Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.