Şəhid polkovnik-leytenant Sədi Məmmədovun döyüş yolundan bəhs edən film nümayiş olunub








Bakı, 1 aprel, AZƏRTAC
Aprelin 1-də Bakı Mühəndislik Universitetində “Zəfər” Şəhid Ailələrinə Dəstək və “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliklərinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Vətən müharibəsinin şəhidi, polkovnik-leytenant Sədi Musayevin döyüş yolundan bəhs edən “Qanla yazılan ömür” sənədli filminin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına şəhadətə yüksələn polkovnik-leytenant Sədi Musayevin döyüş yolu və igidliyi əks olunan filmin nümayişində Milli Məclisin deputatları, QHT sədrləri, kütləvi-informasiya vasitələrinin nümayəndələri, şəhid ailələri, qazilər və tələbə-gənclər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, şəhidlərin miras qoyduğu qəhrəmanlıq yolunun təbliği ilə əlaqədar təhsil ocağında görülən işlər barədə məlumat verib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Vətən uğrunda canını fəda edən qəhrəmanların həyatından bəhs edən sənədli filmlərin şəhidlərin döyüş yolunun öyrənilməsi və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğində müstəsna rol oynadığını qeyd ediblər.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün həyata keçirilən layihələr barədə danışıb.
Layihənin rəhbəri, “Xankəndi“ Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva şəhid polkovnik-leytenant Sədi Musayevin döyüş yolunun böyüyən yeni nəsil üçün nümunə olacağını bildirib.
Sonra film nümayiş olunub.
Tədbirin yekununda Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə çap olunan kitablar tələbələrə hədiyyə verilib.