CƏMİYYƏT
Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib








Bakı, 23 sentyabr, AZƏRTAC
Sentyabrın 23-də Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunda (ETKİ) şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, ETKİ-nin direktoru Gülnaz Dadaşovanın sözlərinə görə, Azərbaycan Respublikasında Anım Günü ilə əlaqədar olaraq keçirilən aksiyada Bakı və Sumqayıt şəhərlərində, Abşeron və digər rayonlarda yaşayan həmin həssas kateqoriyadan olan 150-dən çox vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçiblər: “İnstitut şəhid ailələri və qazilər üçün mütəmadi olaraq aksiyalar keçirir. Bu, hər birimizin mənəvi borcudur. Həkimlərimizin hər biri sevə-sevə bu qəbildən olan vətəndaşlara xidmət göstərir. Belə nəcib təşəbbüslər bundan sonra da davam edəcək”.
Baş həkim Rza Səmədov bildirib ki, müayinədən keçənlərə EKQ, ExoKQ və USM müayinəsi, müasir beynəlxalq standartlara cavab verən laborator müayinələri aparılıb. Müayinələrin nəticələrinə əsasən xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər: “İstər müharibə, istərsə də postmüharibə dövründə yaralıların, qazilərin sağalması üçün əlimizdən gələni əsirgəməmişik. Müharibədən sonrakı dövrlərdə təkcə paytaxtda deyil, Gədəbəy, Tərtər, Şamaxı, Cəlilabad və s. rayonlarda aksiyalar keçirmişik. Gündəlik fəaliyyətimizdə də həmin kateqoriyadan olan vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərməyi ən ümdə borcumuz hesab edirik”.
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda keçirilən tibbi aksiya yüksək səviyyədə keçirilib və vətəndaşlar tərəfindən məmnunluq hissi ilə qarşılanıb. Aksiyada iştirak edən Vətən müharibəsi şəhidi Həsən Quliyevin atası Yalçın Quliyev göstərilən xidmətlərdən razılığını bildirib və minnətdarlığını ifadə edib.