CƏMİYYƏT
Şəhidin atası: Torpaqlarımız uğrunda ölümün gözünə dik baxan hər bir döyüşçü bizim üçün qəhrəmandır
Bakı, 19 sentyabr, AZƏRTAC
“Bir post ki, bir mövqe ki, şəhid qanı və bizim əsgərlərimizin təri ilə alınıb, təri ilə düzəlibsə, biz bununla sadəcə qürur duya bilərik”. Bu sözlər ötən il Qarabağda keçirilən lokal antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan 19 yaşlı əsgər Qiyas Manafovun məzar daşına həkk olunmuşdu. Müəllifi də elə özü idi…
Şəhidin atası Ramil Manafov AZƏRTAC-ın müxbiri ilə söhbətində övladından fəxarətlə danışırdı. O, gözlərindəki övlad acısının kədərini dediyi sözlərdə qürur hissi ilə gizlətməyə çalışırdı.
“Qiyas orta məktəbi bitirdikdən dərhal sonra hərbi xidmətə yola düşmüşdü. Vətənə olan borcunu Xocavənd-Xankəndi istiqamətində layiqli xidməti ilə ödəməyə çalışırdı. Komandirlərinin dediyinə görə, şəxsi heyət arasında məsuliyyəti, nizam-intizamı ilə seçilirmiş. Onun xarakterində bizim də kəşf edə bilmədiyimiz incəliklərə döyüş yoldaşları hərbi əməliyyatlarda şahid olublar. Lokal antiterror tədbirləri zamanı Xocavənd-Xankəndi istiqamətində gedən döyüşlərdə iştirak edib və yaşından böyük qəhrəmanlıq nümunələri göstərib. Qiyas sentyabrın 19-dan 20-nə keçən gecə canından çox sevdiyi Vətən yolunda şəhid olub. Övlad itkisi ağır olsa da, onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam şəkildə bərpa olunması naminə son damla qanına qədər vuruşması, o ali zirvəni fəth etməsi ilə qürur duyuruq. Qiyasın xarakterini döyüşdən əvvəl dediyi və məzarı üstünə yazılan sözlər də əks etdirir. Övladımız özü ilə bərabər bizi də yüksəklərə qaldırdı. Tək Qiyas yox, torpaqlarımız uğrunda ölümün gözünə dik baxan hər bir döyüşçü bizim üçün qəhrəmandır. Onların hər biri ilə fəxr edirik”, - deyə R.Manafov qeyd edib.