Şəhidlərin xatirəsinə həsr olunmuş “Əbədi yaşayanlar” layihəsi davam edir

Bakı, 17 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının təşkil etdiyi “Əbədi yaşayanlar” adlı layihəsi davam edir.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihənin budəfəki təqdimatı şəhid Elnur Hacıyevin həyat və yaradıcılığına həsr olunub.
Elnur Yaqub oğlu Hacıyev 1979-cu il iyunun 12-də Ucar şəhərində anadan olub. 1986-1996-cı illərdə Ucar şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2002-ci illərdə isə Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində oxuyub. Elnur Hacıyev 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. O, 2002-2006-cı illərdə Qobustan, 2006-2011-ci illərdə Tovuz, 2011-2015-ci illərdə Ağdam, 2015-2019-cu illərdə Gədəbəy, 2019-cu ildə isə Ağstafa rayonunda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib. Elnurun özündən sonra bir qızı yadigar qalıb.
Mayor Elnur Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 17-də Füzuli döyüşləri zamanı şəhid olub. O, Ucar Şəhidlər xiyabanında dəfn edilib.
Mayor Elnur Hacıyev xidməti boyunca qüsursuz fəaliyyətinə görə ölümündən əvvəl Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 və 95 illiyi yubiley medallarına layiq görülüb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Elnur Hacıyev ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.